Bakının Xətai rayonunda 51 yaşlı qadın oğlu tərəfindən bıçaqlanıb.
Xəbər Yerində BakuTv-ə istinadən verdiyi xəbərə görə, hadisə rayonun General Şıxlinski küçəsində yerləşən binanın birinci mərtəbəsindəki mənzildə baş verib.
Telekanalın hadisə yerindən verdiyi məlumata görə, Mehriban Abdullayeva oğlu ilə mübahisə zamanı deyil, onun özünə xəsarət yetirməsinin qarşısını almağa çalışarkən bıçaq xəsarətləri alıb.
Məlumata əsasən, hadisə günü gecə saatlarında qadının oğlu mətbəx bıçağı ilə özünə xəsarət yetirmək istəyib. Anası ona mane olmağa çalışarkən qadını bıçaqlayıb.
Yaralı təcili tibbi yardım briqadası tərəfindən Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Onun xəstəxanada müalicə aldığı və vəziyyətinin stabil olduğu bildirilir.
Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs əvvəllər əsəb xəstəliyi ilə əlaqədar müalicə alıb. O, valideynləri ilə birlikdə yaşayıb və səhhəti ilə bağlı bir müddət əvvəl işdən uzaqlaşıb.
Hadisə ilə əlaqədar qadının oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmanın nəticələri barədə əlavə məlumat verilməyib.

