Xəbər Yerində “Oxu.Az”a istinadən xəbər verir ki, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslərin dövlət qulluğuna qəbulunda yeni qaydanın tətbiqi təklif olunur.
Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsində öz əksini tapıb.
Müsabiqə olmadan dövlət qulluğuna təyinat
Layihəyə əsasən, dövlət proqramı çərçivəsində xarici ölkədə təhsil almış şəxs müsabiqədə iştirak etmədən bir dəfə dövlət qulluğu vəzifəsinə təyin edilə bilər.
Bunun üçün həmin şəxs vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət etməli və tələb olunan sənədləri təqdim etməlidir.
Sənədlər təqdim edildikdən sonra namizədin 5 iş günü ərzində dövlət orqanının rəhbərinə təqdim olunması nəzərdə tutulur.
Vakant vəzifəyə təyinat necə həyata keçiriləcək?
Layihəyə görə, dövlət orqanının rəhbəri müraciət edən şəxsin vakant dövlət qulluğu vəzifəsinə təyin olunması barədə qərar verməlidir.
Şəxsin stajorluq və sınaq müddəti ərzində dövlət qulluğunda fəaliyyəti, eləcə də sonradan daimi əsaslarla inzibati vəzifəyə təyin edilməsi məsələləri Məcəllənin vakant vəzifəyə təyinatı tənzimləyən müddəalarına uyğun həyata keçiriləcək.
Yardımçı vəzifələr üzrə də yeni qayda müəyyənləşdirilir
Yeni Məcəllə layihəsində yardımçı dövlət qulluğu vəzifələrinin tutulması qaydası da müəyyən edilir.
Belə vəzifələrin tutulmasının dövlət orqanı rəhbərinin qərarı əsasında birbaşa təyinat və ya qulluqda yüksəliş yolu ilə həyata keçirilməsi təklif olunur.
Qeyd edək ki, hazırkı DİM məlumatlarında da Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramı çərçivəsində təhsil almış şəxslər üçün dövlət qulluğuna qəbul zamanı ümumi müsabiqə və müsahibə tələblərinin tətbiq edilmədiyi bildirilir.

