Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları vətəndaşların etibarından sui-istifadə edərək pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən E.Vəliyevi saxlayıblar.
Müxtəlif vədlərlə pul alıb
Araşdırma zamanı müəyyən edilib ki, E.Vəliyev bir vətəndaşın övladını İsveçrədə işlə təmin edəcəyini vəd edərək ondan 1728 manat alıb.
O, başqa bir şəxsdən isə istirahət kompleksində ev və “golfcar”la təmin edəcəyini bildirərək 3400 manat pul götürüb.
Bundan başqa, dəyəri 19 min manat olan “golfcar” nəqliyyat vasitəsini ödənişini sonradan edəcəyini vəd edərək əldə edən E.Vəliyev həmin nəqliyyat vasitəsini sahibinin razılığı olmadan 8 min manata başqa şəxsə satıb.
Özünü tanınmış şəxslərlə əlaqəli göstərib
Polis əməkdaşlarının apardığı araşdırmalar zamanı E.Vəliyevin mobil telefonunda tanınmış şəxslərlə birlikdə olduğunu göstərən fotomontaj edilmiş şəkillər də aşkarlanıb.
Müəyyən edilib ki, o, həmin görüntülərdən istifadə edərək özünü geniş əlaqələri olan şəxs kimi təqdim edib və bu yolla zərərçəkənlərin etimadını qazanıb.
E.Vəliyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıb və istintaqa cəlb edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

