Xəbər Yerində Oxu.Az-a istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən milyonluq malikanənin sahibi kimi tanınan Bəxtiyar Dali həbs edilib.
66 yaşlı Bəxtiyar Dali özünə məxsus bağda bir qadını zorlamağa cəhddə ittiham olunur. Faktla bağlı ona Cinayət Məcəlləsinin 29 və 149-cu maddəsi (zorlamağa cəhd) ilə ittiham irəli sürülüb.
Hazırda o, Şüvəlandakı istintaq təcridxanasında saxlanılır.
Hadisə hotel-restoranda baş verib
İttihamın təfərrüatları da məlum olub. Belə ki, hadisə bu ilin iyul ayında Sumqayıt şəhərində yerləşən hotel-restoranlardan birində baş verib.
Məlumata görə, Bəxtiyar Qaraşov iki dostu ilə birlikdə istirahət etmək üçün həmin obyektə gəlib. Onlar yemək yeyib içki qəbul etdikdən sonra kabinetə iki xanım müğənni dəvət ediblər.
Bir müddət mahnı ifa edən xanımlardan birindən Bəxtiyar oriental rəqs etməsini istəyib. Gənc müğənni bu rəqsi bacarmadığını bildirsə də, iddiaya görə, Bəxtiyar və dostu onu rəqs etməyə məcbur ediblər.
Daha sonra qadına pul müqabilində cinsi əlaqə təklif olunub. Lakin o, təklifi rədd edib.
Qapını bağlayaraq qadını zorlamağa cəhd ediblər
Bundan sonra Bəxtiyar dostlarından birini xanımlardan biri ilə kabinetdən yola salıb. Daha sonra digər dostu ilə birlikdə kabinetdə qalan müğənninin çıxışına mane olaraq qapını bağlayıblar.
İttihama əsasən, onlar qadını zorlamağa cəhd ediblər. Müğənninin qışqırıq səslərini eşidən hotel sahibi və əməkdaşlar hadisə yerinə gəliblər. Qapını sındıraraq qadını xilas ediblər və polisə məlumat veriblər.
Bəxtiyar Dali hadisə yerində sərxoş vəziyyətdə saxlanılıb. Onun dostu isə ərazidən qaçmağa müvəffəq olub. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həmin şəxs də saxlanılaraq istintaqa təhvil verilib.
Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bəxtiyar Dali kimdir?
66 yaşlı Bəxtiyar Dali uzun illər Rusiyada yaşayıb. Özünün açıqlamasına görə, hərbi mühəndis olub və Rusiya vətəndaşıdır. Beş il əvvəl pensiyaya çıxdıqdan sonra ata-baba yurdunda ev tikdiyini bildirib.
Qeyd edək ki, ittihamlar məhkəmə hökmü ilə təsdiqlənməyib.

