İranda məcburi hicab qaydalarına əməl etmədən konsert verən 29 yaşlı müğənni Parastoo Ahmadiyə təyin olunan 74 şallaq cəzası apellyasiya instansiyasında da qüvvədə saxlanılıb.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qum Vilayət Apellyasiya Məhkəməsi müdafiə tərəfinin şikayətini təmin etməyib və birinci instansiyanın qərarını dəyişmədən saxlayıb.
Müğənniyə iki il müddətinə məhdudiyyət qoyulub
Məhkəmənin qərarına əsasən, Ahmadiyə iki il müddətində audiovizual fəaliyyətlə məşğul olmaq və İranı tərk etmək qadağan edilib.
Müğənninin vəkilləri bildiriblər ki, apellyasiya şikayəti məhkəmə iclası keçirilmədən rədd olunub.
Parastoo Ahmadi də sosial media hesabında apellyasiya məhkəməsinin qərarının qəti olduğunu açıqlayıb.
Hicabsız konsertdən sonra araşdırma başlanıb
Ahmadi 2024-cü ilin dekabrında “YouTube” platformasında yayımlanan təxminən 27 dəqiqəlik konsert proqramında hicab taxmadan çıxış edib.
Dörd kişi musiqiçinin müşayiəti ilə keçirilən konsertin görüntüləri qısa müddətdə geniş yayılıb. Bundan sonra İranın məhkəmə sistemi müğənni və konsertdə iştirak edən digər şəxslərlə bağlı araşdırmaya başlayıb.
Cəza digər iştirakçılara da şamil edilib
İyun ayında Qum şəhərindəki məhkəmə Parastoo Ahmadi, musiqiçilər və prodüser qrupunun üzvlərinə 74 şallaq cəzası, iki il audiovizual fəaliyyətlə məşğul olmaq qadağası və iki illik ölkədən çıxış məhdudiyyəti tətbiq edib.
Apellyasiya məhkəməsinin son qərarı ilə həmin cəzalar qüvvədə qalıb.
Qərarın konsertdə iştirak edən digər musiqiçilərə və prodüser qrupunun üzvlərinə də aid olduğu bildirilib.

