İtaliyanın Neapol şəhəri yaxınlığında keçirilən polis əməliyyatı zamanı evin gizli bölmələrində 3,2 milyon avro nağd pul aşkarlanaraq müsadirə edilib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Kayvano şəhərində keçirilən əməliyyat zamanı pullarla yanaşı, çoxsaylı “Kalaşnikov” tipli tüfənglər, müxtəlif tapançalar və 11 ədəd “Rolex” markalı saat da aşkar olunub.
Pullar divarların və kafellərin altında gizlədilib
Polis əməkdaşları evdə axtarış apararkən divarların və kafellərin altında, həmçinin mebellərin gizli bölmələrində xüsusi hazırlanmış saxlanc yerləri müəyyən ediblər.
Həmin bölmələrdə əsasən 50 avroluq əskinasların səliqəli şəkildə qablaşdırılaraq gizlədildiyi üzə çıxıb.
Müsadirə olunan böyük məbləğdə nağd pulun evdən daşınması üçün polis əməkdaşları plastik vedrələrdən istifadə ediblər.
Axtarış zamanı gizli bölmələrə çatmaq məqsədilə bəzi divarlar sökülüb, duş kabinasının döşəməsi çıxarılıb. Mebellər də ətraflı şəkildə yoxlanılıb.
34 nəfər saxlanılıb
Əməliyyat nəticəsində mafiya tipli cinayətkar təşkilat yaratmaq, şantaj və narkotik qaçaqmalçılığı ittihamları ilə 34 şübhəli şəxs həbs edilib.
Əməliyyatın İtaliyada fəaliyyət göstərən Kamorra ilə əlaqəli olduğu ehtimal edilən cinayətkar təşkilata qarşı keçirildiyi bildirilir.
Pulun mənbəyi araşdırılır
Hakimiyyət orqanları müsadirə edilən 3,2 milyon avronun mənbəyini araşdırır.
İlkin qiymətləndirmələrə əsasən, vəsaitin narkotik qaçaqmalçılığı ilə əlaqəli ola biləcəyi ehtimal olunur.
Müsadirə olunan pulun cinayət yolu ilə əldə edildiyi məhkəmə tərəfindən təsdiqlənərsə, vəsaitin zərərçəkənlərə dəstək məqsədilə İtaliya Ədalət Fonduna köçürülməsi planlaşdırılır.

