2026-cı il iyulun 14-də Milli Məclisdə qəbul edilən və rəqəmsal texnologiyalar sahəsində güzəşt və imtiyazları nəzərdə tutan 453 nömrəli qanun layihəsi yenidən parlamentin müzakirəsinə təqdim olunub.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Milli Məclisin payız sessiyasının ilk iclasında çıxışı zamanı deyib.
Qanun Milli Məclisə geri qaytarılıb
Şahmar Mövsümov bildirib ki, sözügedən qanun Azərbaycan Prezidenti tərəfindən Konstitusiyanın 110-cu maddəsinə uyğun olaraq Milli Məclisə geri qaytarılıb.
Onun sözlərinə görə, bu müddət ərzində qanun aidiyyəti dövlət qurumları ilə birlikdə yenidən nəzərdən keçirilib və təkmilləşdirildikdən sonra parlamentin müzakirəsinə təqdim olunub.
Prezidentin köməkçisi qeyd edib ki, sənədin yenidən baxılması üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə, dövlət dəstəyinin istiqamətlərinin və tətbiq mexanizmlərinin daha dəqiq müəyyənləşdirilməsinə imkan yaradıb.
Rəqəmsal ekosistem üçün yeni təşviq yanaşması
Ş.Mövsümovun sözlərinə görə, təqdim olunan yeni layihə mövcud çağırışlara cavab verməyə hesablanıb.
O vurğulayıb ki, layihənin əsas mahiyyəti yalnız ayrı-ayrı vergi güzəştlərinin tətbiqi ilə məhdudlaşmır.
“Layihənin konseptual mahiyyəti ayrı-ayrı vergi və güzəştlərlə məhdudlaşmır, rəqəmsal ekosistem üçün vacib olan mütəxəssis, investor, tədqiqat və bazar həlqələrini vahid təşviq yanaşması ilə birləşdirir və innovasiyanın yeni məhsul və xidmətlərə çevrilməsinə şərait yaratmağı hədəfləyir”, – deyə Prezidentin köməkçisi bildirib.
Komitənin rəyi hazırlanıb
Prezidentin köməkçisi əlavə edib ki, qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində də müzakirə olunub və bununla bağlı komitənin müvafiq rəyi hazırlanıb.
“Qanunun təkmilləşdirilmiş redaksiyası tərəfimizdən dəstəklənir və hörmətli millət vəkillərini bu redaksiyanı dəstəkləməyə çağırıram”, – Ş.Mövsümov qeyd edib.

