Yeni tədris ilinin başlaması ilə məktəblərdə valideynlərdən müxtəlif məqsədlər adı altında pul yığılması ilə bağlı iddialar yenidən gündəmə gəlib.
Xəbər Yerində “ATV Xəbər”ə istinadən xəbər verir ki, valideynlərin sözlərinə görə, bəzi hallarda sinif ehtiyacları, dəftər-kitab, A4 vərəqləri, tədbirlər, təmir və digər xərclər üçün onlardan müəyyən məbləğdə ödəniş tələb olunur.
Valideynlər nədən şikayətlənir?
Süjet çərçivəsində danışan valideynlərdən biri müxtəlif ehtiyaclar üçün davamlı pul yığılmasından narazılığını ifadə edib.
Valideynlərin sözlərinə görə, bəzən dəftər-kitab, sinif üçün ləvazimatlar və digər xərclərə görə ödəniş tələb olunur. Onlar həmçinin müəllimlərə və müxtəlif tədbirlərlə bağlı pul yığıldığını iddia ediblər.
Valideynlərdən biri bildirib ki, müəllimlər günü münasibətilə də pul toplanır və bəzi hallarda hər valideyndən 10-15 manat məbləğində vəsait tələb olunur.
Onun sözlərinə görə, A4 vərəqləri, dəftər-kitab və digər ləvazimatların alınması üçün də pul yığılır.
Ekspert: Dövlət məktəblərində pul yığılması yolverilməzdir
Təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev bildirib ki, qanunvericiliyə əsasən, dövlət məktəblərində valideynlərdən hər hansı ad altında məcburi şəkildə pul toplanması yolverilməzdir.
Ekspertin sözlərinə görə, bəzi hallarda valideynlərə müəyyən komitələr vasitəsilə təzyiq göstərilərək pul yığılması halları ilə bağlı iddialar səsləndirilir.
O qeyd edib ki, məsələn, bir sinifdə 30 şagird varsa və hər birindən 10 manat toplanırsa, ümumi məbləğ 300 manat təşkil edir.
R.Nurəliyev hesab edir ki, belə hallarda vəsaitin hansı məqsədlə toplandığı və necə xərcləndiyi araşdırılmalıdır.
Ekspert bu kimi iddiaların hüquq-mühafizə orqanları və məktəbəqədər və ümumi təhsil üzrə aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmasının, pozuntu təsdiqlənərsə məsul şəxslərlə bağlı müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Digər ekspert: Valideyn məktəbə dəstək ola bilər
Təhsil məsələləri üzrə mütəxəssis Tuqay Rizazadə isə valideynlərin məktəbə müəyyən formada dəstək verməsinin mümkün olduğunu bildirib.
Onun sözlərinə görə, bununla belə, belə dəstək konkret qaydalar çərçivəsində həyata keçirilməlidir.
Mütəxəssis nümunə olaraq məktəbdə şagirdlərin istifadəsi zamanı qapının dəstəyinin və ya pəncərənin sıradan çıxması kimi halları qeyd edib. O bildirib ki, bu kimi vəziyyətlərdə valideyn dəstəyi əhəmiyyətli ola bilər.
Tuqay Rizazadə əlavə edib ki, təəssüf ki, bəzi şəxslər bu məsələdən özləri üçün gəlir əldə etməyə çalışa bilərlər.
“Biz buna qarşıyıq və nazirlik də dəfələrlə deyir ki, məktəbin təmiri üçün şagirddən pul yığıla bilməz”, – deyə mütəxəssis bildirib.
Dövlət Agentliyi araşdırmaların aparıldığını açıqlayıb
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən ATV Xəbərə bildirilib ki, valideynlərdən məktəblərdə pul yığılması ilə bağlı daxil olan məlumatlar aidiyyəti üzrə araşdırılır və hər müraciətə fərdi qaydada baxılır.
Qurumun açıqlamasında vurğulanıb ki, ümumi təhsil müəssisələrində valideynlərdən və ya şagirdlərdən hər hansı formada məcburi pul vəsaitinin toplanmasına yol verilmir.
Bildirilib ki, aparılan araşdırmaların nəticəsindən asılı olaraq təsdiqini tapan pozuntularla bağlı müvafiq tədbirlər görülür.

