Son vaxtlar Azərbaycanda quş əti məhsullarının qiymətində artım müşahidə olunur.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında quş ətinin bahalaşmasının səbəblərinə toxunub.
Ekspert bildirib ki, qiymət artımının bir neçə səbəbi var.
Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin 2026-cı ilin ilk 6 ayı üzrə açıqladığı detallı məlumatlara əsasən, bu dövrdə Azərbaycanda 53 min ton quş əti istehsal olunub. 2025-ci ilin eyni dövründə isə bu göstərici 51 min ton təşkil edib. Bu isə istehsalda azalma olmadığını göstərir.
Dizel yanacağının bahalaşması
Natiq Cəfərli qeyd edib ki, 2026-cı ilin əvvəlindən dizel yanacağının qiyməti 10 faiz artıb. Bu da həm yemlərin, həm də hazır məhsulların daşınması xərclərinə təsir edib.
İstehsalçıların xərcləri artıb
İqtisadçının sözlərinə görə, quş əti istehsalçılarının əlavə tənzimləmə qaydaları və nəzarətedici qurumların fəaliyyəti ilə bağlı maliyyə yükü də artıb.
Bundan başqa, quşçuluqda istifadə olunan yem və dərmanların qiymətinin yüksəlməsi də məhsulun maya dəyərinə təsir göstərib.
Qırmızı ətin bahalaşması tələbi artırıb
Ekspert qiymət artımında ən mühüm amillərdən birinin isə qırmızı ətin – mal və qoyun ətinin bahalaşması olduğunu vurğulayıb.
O bildirib ki, qırmızı ətin kəskin bahalaşması nəticəsində əhali daha ucuz alternativ kimi toyuq ətinə üstünlük verməyə başlayıb. Bu isə quş ətinə tələbin artmasına səbəb olub.
Natiq Cəfərlinin fikrincə, hazırda təklif tələbin artımını istənilən templə qarşılaya bilmədiyi üçün qiymətlər yüksəlir.

