Paraqvayda güclü fırtına zamanı yağan nəhəng dolu ciddi fəsadlara səbəb olub.
Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, hadisə paytaxt Asunson və Mərkəzi departamentin bir sıra şəhərlərində qeydə alınıb.
Tennis topu böyüklüyündə olan dolu dənələri avtomobillərin şüşələrini sındırıb, kuzalarında əziklər yaradıb. Yağıntının gücündən bəzi evlərin dam örtükləri və digər tikililər də zərər görüb.
Güclü külək və yağış da olub
Məlumata görə, güclü dolu ilə müşayiət olunan fırtına zamanı küləyin sürəti saatda 100 kilometrə yaxınlaşıb. Asunson, Ñemby, Fernando de la Mora, San-Lorenso, Lambaré və Luque şəhərlərində güclü yağıntı və dolu müşahidə olunub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə küçələrin qısa müddətdə buz parçaları ilə örtüldüyü, avtomobillərin isə ciddi zədələndiyi görünür.
Güclü fırtına nəticəsində elektrik enerjisinin verilişində də fasilələr yaranıb. Paraqvayın Milli Elektrik İdarəsinin məlumatına görə, 58 elektrik xətti sıradan çıxıb, onlardan 39-u sonradan bərpa edilib.
Meteoroloqlar bölgədə güclü yağış, dolu və saatda 100 kilometr və daha yüksək sürətlə külək ehtimalı barədə xəbərdarlıq ediblər.



