Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiyada yaşayan azərbaycanlı iş adamı, “Peton Holding”in həmtəsisçilərindən olan Emin Axundov şantaj yolu ilə külli miqdarda pul və əmlakından məhrum edilib.
Məlumata görə, bir neçə il əvvəl baş verən hadisə ilə bağlı daha iki nəfər – Hikmət Vəliyev və Ramil Tağıyev barəsində cinayət işi açılıb.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin apardığı istintaq çərçivəsində Hikmət Vəliyev xaricdə saxlanılaraq Azərbaycana gətirilib və barəsində həbs qətimkan tədbiri seçilib. Ramil Tağıyev isə məhkəməyədək azadlıqdadır.
Əvvəlcə 870 min manatını alıb
İstintaq materiallarına əsasən, Emin Axundovu əvvəlcə tanışı Ramil Tağıyev aldadıb. O, biznesmeni rayonlardan birində özünə məxsus torpaq sahəsində istirahət kompleksi tikərək həmin əmlakı onun adına keçirəcəyinə inandırıb.
Bu məqsədlə Ramil Tağıyev Emin Axundovdan ümumilikdə 870 min manat alıb. Lakin vədinə əməl etməyərək pulu şəxsi ehtiyaclarına xərcləyib.
Biznesmeni ailəsi ilə hədələyiblər
Bundan sonra Emin Axundova qarşı şantaj başlayıb.
Ramil Tağıyev biznesmenin külli miqdarda pula və çoxsaylı daşınmaz əmlaka sahib olduğunu öyrəndikdən sonra var-dövlətini hədə-qorxu yolu ilə ələ keçirmək qərarına gəlib.
Bu məqsədlə o, tanışı Hikmət Vəliyev və Emin Axundovun doğma əmisi oğlu Vüsal Axundovla əlbir olub.
Üçlük biznesmen barədə şəxsi, ailə və biznes məlumatları toplayaraq onu şantaj etməyə başlayıb. Onlar Emin Axundovu ailə üzvlərinin həyatı ilə hədələyərək 20 milyon dollar tələb ediblər.
Nəticədə biznesmendən 3 milyon dollar ala biliblər.

Milyonlarla manatlıq əmlakını da əlindən alıblar
Şantaj bununla da yekunlaşmayıb. Növbəti mərhələdə Emin Axundova məxsus bir neçə daşınmaz əmlak da hədə-qorxu yolu ilə Hikmət Vəliyevin yaxın qohumlarının adına keçirilib.
Belə ki, Buzovna qəsəbəsində yerləşən, 3 milyon manat dəyərində 2 hektarlıq torpaq sahəsi Hikmət Vəliyevin həyat yoldaşının adına keçirilib.
Bundan başqa, 1 milyon 380 min manatlıq torpaq sahəsi də başqa qohumunun adına rəsmiləşdirilib.
Emin Axundovun Çexiyanın Karlovi Vari şəhərində yerləşən 1,5 milyon manat dəyərində torpaq sahəsi, həmçinin Bakı şəhərinin Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən 450 min manat dəyərində torpaq sahəsi və üzərindəki villa da biznesmenin əlindən alınıb.
Ümumilikdə Emin Axundovdan alınan pul və əmlakın ümumi dəyərinin 11 milyon manatdan çox olduğu bildirilir.
Əmisi oğlu 14 il həbs cəzası alıb
Cinayətdə iştirak edən zərərçəkmişin əmisi oğlu Vüsal Axundov hadisədən qısa müddət sonra həbs edilib və 14 il müddətinə azadlıqdan məhrum olunub.
Bir müddət əvvəl isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi üzrə istintaq yenilənib.
Hazırda Hikmət Vəliyev və Ramil Tağıyev məhkəməni gözləyirlər. Təqsirləri məhkəmədə sübuta yetirilərsə, onları da 14 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, iş adamı Emin Axundov daha əvvəl də mediada gündəmə gəlib. Bir neçə il əvvəl onun Rusiyadan Bakıya çamadanlarla pul gətirməsi barədə məlumat yayılmışdı.

