Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə məhkəmə istintaqına bu gün başlanılır.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə əsas məhkəmə iclası keçiriləcək.
Ramiz Mehdiyev məhkəməyə videokonfransla qatılacaq
88 yaşlı Ramiz Mehdiyev hazırda ev dustaqlığındadır. Səhhəti ilə əlaqədar məhkəmə zalına gələ bilmədiyi üçün o, prosesdə videokonfrans vasitəsilə iştirak edəcək.
Cinayət işinin materiallarının böyük həcmdə olması və çoxsaylı epizodları əhatə etməsi nəzərə alınaraq, məhkəmə prosesində prokurorluğun iki dövlət ittihamçısı iştirak edir.
İttiham aktı elan olunacaq
Bugünkü iclasda prokuror tərəfindən ittiham aktı elan ediləcək. Daha sonra Ramiz Mehdiyevdən özünü təqsirli bilib-bilmədiyi soruşulacaq.
Bundan sonra Ramiz Mehdiyevin hakim qarşısında sərbəst ifadə vermək hüququ olacaq.
Məhkəmə prosesi yaxın saatlarda başlayacaq.
Ramiz Mehdiyev hansı ittihamlarla üzləşib?
Qeyd edək ki, Ramiz Mehdiyev ötən il Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
O, hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş hərəkətlərdə, dövlətə xəyanətdə, külli miqdarda rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunur.
Ramiz Mehdiyevin ittiham olunduğu maddələr üzrə nəzərdə tutulan cəzalar arasında ömürlük azadlıqdan məhrumetmə də var.

