İlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi

İlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi

Xəbər Yerində xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aznifah İsnariah Binti Abdul Qanini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Daha sonra Prezident İlham Əliyev səfirlə söhbət aparıb.

İqtisadi və enerji əməkdaşlığı müzakirə olunub

Dövlət başçısı Azərbaycanla Malayziya arasında dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu bildirib.

Prezident İlham Əliyev iqtisadi əməkdaşlığın siyasi əlaqələrin səviyyəsinə çatdırılmasının vacibliyini vurğulayıb. O, həmçinin enerji, sərmayələr, turizm və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsinin, eləcə də fəal siyasi dialoqun davam etdirilməsinin əhəmiyyətinə toxunub.

Dövlət başçısı bu baxımdan müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin mühüm rol oynadığını qeyd edib.

Prezident İlham Əliyev səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Malayziya Kralından və Baş nazirindən salam

Səfir Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimin və Baş nazir Ənvər İbrahimin salamlarını Prezident İlham Əliyevə çatdırıb. O, həmçinin dövlət başçısını Malayziyaya səfərə dəvət edib.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib və öz salamlarını Malayziya Kralına və Baş nazirə çatdırmağı xahiş edib.

Dövlət başçısı dəvətə görə təşəkkür edərək, onu məmnunluqla qəbul etdiyini bildirib. Prezident İlham Əliyev öz növbəsində Malayziya Kralını və Baş naziri Azərbaycana səfərə dəvət edib.

Səfir isə uzun illər ərzində Azərbaycan-Malayziya münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində səylə çalışacağını bildirib.

Viza və birbaşa uçuş məsələsi

Görüş zamanı iki ölkə arasındakı əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.

Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub. Bu çərçivədə turizmin təşviqi məqsədilə qarşılıqlı şəkildə viza tələbinin aradan qaldırılması, həmçinin Azərbaycanla Malayziya arasında birbaşa hava əlaqəsinin yaradılması məsələlərinə toxunulub.

Təhsil sahəsində əməkdaşlıq

Görüşdə Azərbaycan və Malayziya arasında təhsil əlaqələri də diqqət mərkəzində olub.

Qeyd edilib ki, azərbaycanlı tələbələr Malayziyada, Malayziyadan olan tələbələr isə Azərbaycan dövlətinin təqdim etdiyi təqaüd proqramları əsasında Azərbaycanda təhsil alırlar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir