“Xəbər Yerində” Oxu.Az-a istinadən xəbər verir ki, Bakının Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən Maksim Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən yekun iclasda təqsirləndirilən şəxs barəsində hökm elan olunub.
Maksim Əhmədov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Prokuror 18 il 6 ay həbs istəmişdi
Qeyd edək ki, əvvəlki məhkəmə prosesində dövlət ittihamçısı Maksim Əhmədovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
Binədə 52 yaşlı kişi öldürülmüşdü
Hadisə 2025-ci il aprelin 25-də səhər saat 08:00 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində baş verib.
Rayon prokurorluğuna 52 yaşlı Səlim Əliyevin öldürülməsi barədə məlumat daxil olub.
İlkin araşdırmalar zamanı 47 yaşlı Maksim Əhmədovun aralarında yaranmış mübahisə zamanı Səlim Əliyevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi başlanıb
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

