Xəbər Yerində xəbər verir ki, oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən dövlət və hökumət başçıları “Avaza” Kompleksində təşkil olunan milli stendlərə baxış keçiriblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirakçı ölkələrin milli təqdimatları ilə tanış olub.
Azərbaycanın stendi ölkəmizin zəngin mədəni irsini və milli sənətkarlıq ənənələrini əks etdirən nümunələrlə təqdim edilib.
Stenddə milli incəsənətimizə dair kitablarla yanaşı, Azərbaycan xalçaçılığı, keramika, kəlağayı və şəbəkə sənətinin nümunələri nümayiş etdirilib. Ziyarətçilərə bu sənət sahələri haqqında məlumat verən videoçarxlar da təqdim olunub.
Azərbaycan mətbəxi və yerli məhsullar təqdim edildi
Stenddə Azərbaycanın mədəniyyəti ilə yanaşı, milli mətbəxi və yerli məhsulları da təqdim olunub.
Ziyarətçilərə məhsulların hazırlanma üsulları, onların xüsusiyyətləri və Azərbaycan mətbəxindəki yeri barədə geniş məlumat verilib.
Beləliklə, Türkmənbaşıda keçirilən təqdimat çərçivəsində Azərbaycanın həm qədim sənətkarlıq ənənələri, həm də milli mətbəxi və yerli məhsulları beynəlxalq iştirakçılara nümayiş etdirilib.







