Beyləqanda 14 şagird hamburger yedikdən sonra zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirildi
Xəbər Yerində Qafqazinfo-ya xəbər verir ki, Beyləqan rayonunda məktəblilər arasında zəhərlənmə şübhəsi ilə bağlı hadisə baş verib.
Hadisə bu gün günorta saatlarında rayonun Eyvazallar kəndində yerləşən Fəxrəddin Quliyev adına tam orta məktəbdə qeydə alınıb.
Şagirdlər “Texnologiya” dərsində hazırladıqları qidadan yeyiblər
Əldə olunan məlumata görə, hadisə məktəbin 7A sinfində baş verib. “Texnologiya” dərsi zamanı müəllim şagirdlərə hamburger hazırlanmasını öyrədib.
Şagirdlərin dərs zamanı özlərinin hazırladıqları qidanı istehlak etməsindən sonra 14 nəfərin səhhətində problem yaranıb. Onlar zəhərlənmə şübhəsi ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
14 nəfər xəstəxanaya yerləşdirilib
TƏBİB-dən bildirilib ki, zəhərlənmə şübhəsi ilə 14 nəfər – 7 qız və 7 oğlan – saat 12:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara ilkin tibbi yardım göstərilib. Hazırda müalicələri tibb müəssisəsində davam etdirilir və vəziyyətləri stabil qiymətləndirilir.
AQTA araşdırmaya başlayıb
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını nəzarətə götürüb.
Agentliyin ilkin araşdırmasına əsasən, hadisə şagirdlərin “Texnologiya” dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etməsindən sonra baş verib.
Hazırda hadisənin səbəbləri araşdırılır. Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bundan əvvəl Gəncə və Sumqayıt şəhərlərindəki məktəblərdə də şagirdlərin qidadan zəhərlənməsi ilə bağlı analoji hadisələr qeydə alınıb.





