Ağşəhərdən Ağa Nemətullaya yeni yol çəkiləcək
Xəbər Yerində xəbər verir ki, Bakıda Ağşəhərdən Ağa Nemətulla küçəsinə birbaşa çıxışı təmin edəcək yeni yolun çəkilişi nəzərdə tutulub.
Layihə çərçivəsində Xətai rayonunda yerləşən Xəqani Rüstəmov küçəsindən Babək prospektinə çıxış istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Sürücülər bildirirlər ki, yolun bir neçə aydır bağlı olmasına baxmayaraq, ərazidə işlərin ləng getməsi narahatlıq yaradır. Onların sözlərinə görə, mövcud məhdudiyyət səbəbindən ərazidə tıxaclar yaranır, sürücülər isə alternativ yollardan istifadə etməli olurlar.
Yeni yol tıxacları azalda bilər
Sürücülər layihənin başa çatmasından sonra Ağşəhərdən Ağa Nemətulla küçəsinə birbaşa çıxışın təmin olunmasının nəqliyyatın hərəkətini asanlaşdıracağını düşünürlər.
Onların fikrincə, yeni yol istifadəyə verildikdən sonra həm marşrutlar qısalacaq, həm də ərazidə nəqliyyat yükünün azalmasına şərait yaranacaq.
AYDA-dan açıqlama
Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, ərazidə layihə üzrə işlər davam etdirilir və hər hansı yubanma yoxdur.
Qeyd olunub ki, hazırda layihə üzrə mövcud maneələrin və kommunikasiya xətlərinin köçürülməsi, eləcə də bununla bağlı digər zəruri tədbirlər həyata keçirilir.
Agentlikdən bildirilib ki, sözügedən tədbirlər yekunlaşdırıldıqdan sonra tikinti işlərinə başlanılacaq.

