İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb – FOTO

İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb – FOTO

Oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

Xəbər Yerində xəbər verir ki, görüşdə dövlət başçısı Azərbaycanla Özbəkistan arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirib və bu ilin avqustunda qardaş ölkəyə etdiyi dövlət səfərini məmnunluqla xatırladıb.

Görüşdə həmin səfər zamanı əldə olunan razılaşmaların icrası, strateji tərəfdaşlığın və müttəfiqliyin daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Şavkat Mirziyoyev ölkəmizin inkişafı və tərəqqisinin özbək xalqını sevindirdiyini vurğulayıb.

Özbəkistan Prezidenti Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) uğurlu sədrliyi və təşkilatın Zirvə Görüşünə ev sahibliyi etməsi münasibətilə İlham Əliyevi təbrik edib. O, bu uğurları Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi kimi qiymətləndirdiyini bildirib.

Görüşdə bütün sahələrdə səmərəli əməkdaşlıq məmnunluqla qeyd olunub, ilin əvvəlindən iki ölkə arasında ticarət dövriyyəsinin artdığı diqqətə çatdırılıb.

Energetika, qarşılıqlı sərmayələr, tikinti, nəqliyyat-logistika, yüngül sənaye, geologiya və turizm sahələrində layihələrin uğurla həyata keçirildiyi vurğulanıb. Həmçinin mədəni və humanitar mübadilələrin əhəmiyyəti qeyd edilib.

Dövlət başçıları beynəlxalq və regional gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir