Bakının Yasamal Rayon Məhkəməsi Milli Məclisin deputatı Məzahir Əfəndiyevin yol cərimələrinin ödənilməməsi ilə bağlı barəsində aparılan doqquz inzibati işə xitam verib. Məhkəmə deputat toxunulmazlığını əsas gətirərək onun barəsində inzibati tənbeh tətbiqini mümkün saymayıb.
Xəbər Yerində xəbər verir ki, “Oxu.Az” Gununsesi.info-ya istinadən məlumat yayıb.
İşlərin hamısına hakim Rauf Daşdəmirov baxıb. İlk işə 2026-cı il fevralın 10-da, sonuncu işə isə oktyabrın 7-də xitam verilib.
Məhkəmə qərarlarında deputatın adı göstərilməyib
Qərarların heç birində barəsində inzibati iş aparılan şəxsin adı açıqlanmayıb. Sənədlərdə yalnız onun 1976-cı ildə Ağdaş rayonunda doğulduğu və Milli Məclisin deputatı olduğu qeyd edilib. Bu məlumatlar parlamentin rəsmi saytında Məzahir Əfəndiyev haqqında göstərilən bioqrafik məlumatlarla üst-üstə düşür.
Deputat barəsində protokollar İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunaraq Yasamal Rayon Polis İdarəsi tərəfindən məhkəməyə göndərilib.
Həmin maddəyə əsasən, yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilmiş cərimə barədə qərar qanuni qüvvəyə mindiyi gündən üç ay ərzində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədikdə, şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
Hakim Konstitusiyanın 90-cı maddəsinə istinad edib
Hakim hər bir iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsini əsas götürüb. Həmin maddəyə görə, deputatın səlahiyyət müddəti ərzində onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tətbiq edilə bilməz.
Məlumata əsasən, ilk iş 2025-ci il oktyabrın 4-də tətbiq edilmiş yol cəriməsi ilə bağlı olub. Cərimə ödənilmədiyindən 2026-cı il yanvarın 22-də protokol tərtib edilib. Məhkəmə 19 gün sonra — fevralın 10-da işə xitam verib.
Qalan səkkiz iş üzrə qərarlar iyunun 29-dan oktyabrın 7-dək qəbul olunub. Onlardan yeddisinə iyunun 29-dan avqustun 17-dək, yəni yeddi həftə ərzində xitam verilib. Avqustun 17-də deputat barəsində iki ayrı iş üzrə eyni gündə qərar çıxarılıb.
Ümumilikdə, doqquz işdən dördü 2025-ci ildə, beşi isə 2026-cı ildə tətbiq edilmiş yol cərimələri ilə əlaqədar olub.
İclasda deputat və polis nümayəndəsi iştirak etməyib
İyunun 29-da keçirilən məhkəmə iclasında nə Məzahir Əfəndiyev, nə də inzibati protokolu tərtib etmiş polis orqanının nümayəndəsi iştirak edib. Məhkəmə işə onların iştirakı olmadan baxıb.
Cərimələrin ümumi məbləği, onların hansı konkret yol hərəkəti qayda pozuntularına görə tətbiq edildiyi və sonradan ödənilib-ödənilmədiyi barədə məlumat açıqlanmayıb.
Qeyd edək ki, Konstitusiyaya əsasən, deputatın toxunulmazlığına yalnız baş prokurorun təqdimatı əsasında Milli Məclisin qərarı ilə xitam verilə bilər.

