Azərbaycanda müəllimlərin geyimi ilə bağlı yeni qaydalar müəyyənləşdirildi

Azərbaycanda müəllimlərin geyimi ilə bağlı yeni qaydalar müəyyənləşdirildi

Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin geyimi ilə bağlı yeni tələblər müəyyənləşdirilib.

Xəbər Yerində xəbər verir ki, bu barədə “Oxu.Az” məlumat verilib.

Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”i təsdiq edib.

Qeyd edək ki, yeni tələblər xüsusi təyinatlı dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərə şamil edilmir.

Müəllimlər əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbdə, həmçinin məktəbi təmsil etdikləri məktəbdənkənar rəsmi və təntənəli tədbirlərdə müəyyən edilmiş geyim qaydalarına riayət etməlidirlər.

Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə isə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya onların elementlərindən istifadə edilməsinə icazə verilir.

Müəllimlərin geyimi dünyəvilik prinsipinə uyğun olmalıdır

Tələblərə əsasən, təhsilverənlərin geyimi, o cümlədən istifadə etdikləri geyim elementləri ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmalıdır.

Müəllimlərin geyim qaydalarına riayət etməsinə məktəb rəhbərliyi nəzarət edəcək. Geyim tələblərinə əməl olunması ilə bağlı məsələlər isə məktəbin Pedaqoji Şurası tərəfindən həll ediləcək.

Təhsilverənlərin geyimi mövsümə uyğun, təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır.

Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq, texnologiya, fizika, kimya və biologiya fənlərinin tədrisi zamanı isə dərsin xarakterinə və iş şəraitinə uyğun funksional, rahat geyimlərdən istifadə edilə bilər.

Kişi müəllimlər necə geyinməlidirlər?

Kişi təhsilverənlər üçün aşağıdakı geyim tələbləri müəyyən edilib:

  • Sərbəst kəsimli, klassik üslublu dəst — pencək və şalvar;
  • Uzunqol və ya qısaqol, birrəngli, zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək;
  • Müəllimin öz istəyindən asılı olaraq qalstuk, həmçinin köynəyin üzərindən geyinilən klassik üslublu sviter, pulover və ya jilet;
  • Klassik ayaqqabı.

Qadın müəllimlər üçün geyim tələbləri

Qadın təhsilverənlər üçün isə bu geyim qaydaları müəyyənləşdirilib:

  • Sərbəst kəsimli, klassik üslublu dəst — pencək və şalvar, pencək və ətək, yaxud pencək və don;
  • Uzunluğu diz xəttində və ya dizdən aşağı olan ətək və ya don;
  • Uzunqol və ya qısaqol, birrəngli, zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək və ya kofta;
  • Klassik ayaqqabı.

Müəllimlərə hansı geyimlər qadağan edilir?

Tələblərdə qeyd olunur ki, geyimin ölçüsü və forması təhsilverənin əmək funksiyalarını yerinə yetirməsinə mane olmamalıdır.

Müəllimlərin iş vaxtı məktəbin işgüzar mühitinə, pedaqoji fəaliyyətin xarakterinə və şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olmayan, eləcə də müəyyən edilmiş geyim üslubundan kənara çıxan geyimlərdən və geyim elementlərindən istifadə etməsinə yol verilmir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir