Türkiyənin İstanbul şəhərində güclü leysan yağışları və fırtına ciddi fəsadlara səbəb olub. Şəhərin bir sıra ərazilərində gündəlik həyat iflic vəziyyətinə düşüb.
Xəbər Yerində xəbər verir ki, “Oxu.Az”ın məlumatına görə, əlverişsiz hava şəraiti nəticəsində iki nəfər həyatını itirib. Güclü yağışlar küçə və yolların su altında qalmasına, nəqliyyatın hərəkətində çətinliklərin yaranmasına səbəb olub.
Yağıntılı hava şəraiti ilə əlaqədar İstanbulda tədris prosesinin bir günlük dayandırıldığı da bildirilir. İntensiv yağışlar və fırtına şəhər sakinlərinin gündəlik həyatına təsir göstərməklə yanaşı, təhlükəsizliklə bağlı narahatlıqları da artırıb.
Azərbaycanda da güclü yağışlar gözlənilir?
İstanbulda müşahidə olunan kəskin hava şəraiti Azərbaycanda da qeydə alına bilərmi? Ölkəmizdə yaxın günlərdə intensiv yağıntılar və güclü fırtına ehtimalı varmı?
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Oxu.Az”a açıqlamasında bildirib ki, həftənin sonunadək ölkə ərazisində güclü yağışların yağacağı gözlənilmir.
Onun sözlərinə görə, Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
“Axşam və gecə saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimalı var”, – deyə G.Məmmədova bildirib.

