Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvilini qəbul edib.
Xəbər Yerində xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbəti zamanı bu ilin aprelində Gürcüstana etdiyi dövlət səfərini və səfər çərçivəsində göstərilən qonaqpərvərliyi məmnunluqla xatırlayıb.
Dövlət başçısı Azərbaycan-Gürcüstan münasibətlərinin zəngin tarixə və böyük gələcəyə malik olduğunu bildirib. O, iki müstəqil dövlət arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb, xalqlarımızın qardaşlıq əlaqələrinə diqqət çəkib.
Prezident İlham Əliyev Qiorqi Zakaraşviliyə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Səfir əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib
Qəbula görə minnətdarlığını bildirən Qiorqi Zakaraşvili qardaş Azərbaycana səfir təyin olunmasından və dövlət başçısı ilə görüşdən böyük şərəf hissi duyduğunu deyib.
Səfir ölkələrimizin strateji tərəfdaş, xalqlarımızın isə bir-birinə yaxın olduğunu vurğulayıb. O, fəaliyyəti dövründə Azərbaycanla Gürcüstan arasında tarixən mövcud olan əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Enerji və nəqliyyat layihələri müzakirə olunub
Görüşdə siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Tərəflər iqtisadi-ticari münasibətlər, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Ölkələrimizin enerji və nəqliyyat sahələrində həyata keçirdikləri birgə layihələrə də toxunulub. Bu layihələrin yalnız regional deyil, eyni zamanda, qlobal səviyyədə mühüm əhəmiyyət daşıdığı vurğulanıb.













