Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, eləcə də dini nifrət və düşmənçiliyin salınması faktları üzrə cinayət işi başlanıb.
Xəbər Yerində xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, sosial şəbəkələrdə müxtəlif şəxslər, o cümlədən Türkiyə vətəndaşı, “Şanlıurfa Olay” qəzetinin köşə yazarı, 1975-ci il təvəllüdlü Celal Çiftçi tərəfindən qeyd olunan əməllərə yönələn materialların paylaşılması ilə bağlı Baş Prokurorluğa daxil olmuş məlumatlar əsasında araşdırmalar aparılıb.
Süni intellektlə hazırlanmış materiallar da yayılıb
Araşdırmalar zamanı Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarından sonra hakimiyyətin çevriliş və zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, həmçinin zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin salınmasına yönələn dini radikalizm məzmunlu materialların təkrar yayıldığı müəyyən edilib.
Bu materiallar arasında süni intellekt vasitəsilə hazırlanmış məzmunların da olduğu bildirilib.
Toplanmış materiallar əsasında oktyabrın 16-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Baş Prokurorluğun məlumatına görə, Celal Çiftçi cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində beynəlxalq axtarış elan olunub.
Hazırda onun və digər şəxslərin əməlləri ilə bağlı zəruri istintaq hərəkətlərinin aparılması məqsədilə Türkiyənin səlahiyyətli orqanlarına beynəlxalq hüquqi yardım haqqında sorğular göndərilir. Beynəlxalq əməkdaşlıq çərçivəsində digər zəruri tədbirlər də həyata keçirilir.
İbtidai istintaq çərçivəsində materialların məzmununun, hazırlanma və yayılma hallarının, eləcə də iş üçün əhəmiyyətli digər məqamların obyektiv, tam və hərtərəfli araşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Baş Prokurorluq hər kəsi dini zəmində nifrət və düşmənçiliyi təşviq edən məzmunun yayılmasından çəkinməyə, sosial şəbəkələrdən məsuliyyətlə istifadə etməyə və qanunvericiliyin tələblərinə riayət etməyə çağırıb.

