Rusiyada yaşayan məşhur iş adamı, “Peton Holding”in həmtəsisçilərindən olan Emin Axundovu şantaj edərək 3 milyon dollarını və 10 milyon dollar dəyərində əmlakını ələ keçirməkdə təqsirləndirilən Hikmət Vəliyev və Ramil Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Xəbər Yerində xəbər verir ki, bu barədə Oxu.Az məlumat yayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Vəkillərin vəsatətləri təmin edilməyib
Məhkəmə təqsirləndirilən Hikmət Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin, Ramil Tağıyev barəsində isə həbs olmayan qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması və cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib.
Təqsirləndirilən şəxslərin vəkilləri cinayət işinin düzgün aparılmadığını əsas gətirərək işin yenidən ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatət veriblər.
Zərərçəkmiş tərəfin vəkili isə Ramil Tağıyev barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.
Müşavirədən sonra məhkəmə vəkillərin vəsatətlərini təmin etməyib.
Cinayət işi üzrə məhkəmə baxışının növbəti iclası oktyabrın 29-na təyin olunub.
Hikmət Vəliyev xaricdə tutulub
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin apardığı istintaq çərçivəsində təqsirləndirilən Hikmət Vəliyev xaricdə tutulub və Azərbaycana gətirilib.
Cinayət işi üzrə Hikmət Xanlar oğlu Vəliyev Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə, yəni xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmədə ittiham olunur.
Ramil Tağıyev isə Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə, xüsusilə külli miqdarda törədilmiş dələduzluqda ittiham edilir.

