Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin VIII Qurultayda seçilmiş tərkibdə ilk iclasında Ramiz Mehdiyevin partiya üzvlüyündən xaric edilməsi və dövlət təltiflərindən məhrum olunması məsələsi müzakirə edilib.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yerli təşkilatlarda keçirilən müşavirələr zamanı bir sıra ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin partiyadan çıxarılması və dövlət təltiflərindən məhrum edilməsi ilə bağlı tələblərin irəli sürüldüyünü bildirib.
Qeyd olunub ki, çoxsaylı müraciətlər nəzərə alınaraq məsələ İdarə Heyətinin iclasına çıxarılıb.
YAP Sədrinin müavini Əli Əhmədov, İdarə Heyətinin üzvləri Elmar Qasımov, Eldar İbrahimov, Hikmət Məmmədov, Mübariz Qurbanlı, Bahar Muradova, Anar İsgəndərov, Musa Quliyev və Ziyafət Əsgərov çıxışlarında bu məsələnin ictimai rezonans doğurduğunu vurğulayıblar.
Çıxış edənlər dövlətə xəyanət, hakimiyyəti qeyri-qanuni yollarla ələ keçirməyə cəhd və digər cinayət əməllərində ittiham olunan Ramiz Mehdiyevin YAP üzvlüyündə qalmasının mənəvi-siyasi baxımdan qəbuledilməz olduğunu bildirərək onun partiyadan xaric edilməsini dəstəkləyiblər.
Müzakirələrin yekununda Ramiz Ənvər oğlu Mehdiyevin Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric olunması barədə yekdilliklə qərar qəbul edilib.
Bundan əlavə, onun bütün dövlət təltiflərindən məhrum edilməsi ilə bağlı aidiyyəti üzrə vəsatət qaldırılması məqsədəuyğun hesab olunub.
İclasda, həmçinin YAP Veteranlar Şurasının yeni tərkibi formalaşdırılıb. Ramiz Mehdiyev yeni tərkibdə yer almayıb.

