Beynəlxalq axtarışa verilən türkiyəli jurnalist Azərbaycan xalqından üzr istədi

Beynəlxalq axtarışa verilən türkiyəli jurnalist Azərbaycan xalqından üzr istədi

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Baş Prokurorluq tərəfindən beynəlxalq axtarışa verilən Türkiyənin “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Cəlal Çiftçi Azərbaycan dövlətindən və xalqından üzr istəyib.

Jurnalist “X” hesabında yaydığı geniş müraciətdə əvvəlki açıqlamalarının Azərbaycanda inciklik və narazılıq yaratmasına görə peşman olduğunu bildirib.

Cəlal Çiftçi ifadələrinin məqsədini aşdığını etiraf edərək Azərbaycan dövlətindən və xalqından səmimi şəkildə üzr istəyib. O, düşüncələrini ifadə edərkən istifadə etdiyi dilin doğura biləcəyi nəticələri daha diqqətlə qiymətləndirməli olduğunu qeyd edib.

Jurnalist Azərbaycanın daxili işlərinə müdaxilə etmək, xalqı dövlətə qarşı qaldırmaq, ölkədə iğtişaş yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsinə və ya konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırmaq niyyətinin olmadığını vurğulayıb. O, dini nifrət, ədavət və ayrı-seçkilik yaratmaq məqsədi daşımadığını da bildirib.

Çiftçi zorakılığı, çevrilişi, təhdidi və güc tətbiqini rədd etdiyini, heç kimi qanunsuz əməllərə çağırmadığını bəyan edib.

O, Azərbaycanı qardaş dövlət, Azərbaycan xalqını isə qardaş xalq adlandıraraq ölkənin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və konstitusiya quruluşuna hörmətlə yanaşdığını bildirib. Azərbaycanın gələcəyi ilə bağlı qərarların Azərbaycan xalqına və ölkənin konstitusion qurumlarına aid olduğunu vurğulayıb.

Jurnalist söz və mətbuat azadlığından istifadə edərkən başqalarının hüquqlarını, ictimai dincliyi və ifadələrin məsuliyyətini nəzərə almağın vacibliyini də qeyd edib. O, uyğun hesab etmədiyi məzmunları sildiyini və bundan sonra açıqlamalarında daha diqqətli olacağını bildirib.

Çiftçi aidiyyəti qurumlardan açıqlamalarının bütövlükdə, konteksti və bəyan etdiyi niyyəti nəzərə alınmaqla ədalətli qiymətləndirilməsini istəyib. O, həmçinin fikir ayrılıqlarının düşmənçiliyə çevrilməməsinə çağırıb.

Sonda jurnalist Azərbaycan dövlətinə və xalqına duyduğu hörməti ifadə edərək sözləri ilə incikliyə səbəb olduğuna görə bir daha üzr istəyib.

Qeyd edək ki, Cəlal Çiftçi Azərbaycanda çevrilişə çağırış edən açıqlamalarına görə beynəlxalq axtarışa verilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir