Dünya bazarında neftin qiymətində mümkün artım Azərbaycanın ixrac gəlirlərinə ciddi təsir göstərə bilər.
Xəbər Yerində APA-nın ING bankının iqtisadi təhlilinə istinadən xəbər verir ki, neftin bir barelinin qiymətində hər 10 dollarlıq artım Azərbaycanın illik ixrac gəlirlərini ÜDM-in 2–4 faizi həcmində yüksəldə bilər.
Təhlildə qeyd olunur ki, yüksək neft qiymətləri ölkənin iqtisadi dayanıqlığını və maliyyə imkanlarını gücləndirir. Manatın ABŞ dollarına nisbətdə sabit məzənnəsi isə xaricdən idxal olunan məhsulların qiymətləri vasitəsilə yaranan inflyasiya təzyiqini məhdudlaşdırır.
ING analitiklərinin qiymətləndirməsinə görə, Azərbaycanda inflyasiyanın Mərkəzi Bankın 4±2 faizlik hədəf diapazonunda qalması fonunda uçot dərəcəsinin 6,5 faiz səviyyəsində saxlanılması gözlənilir.
Bununla yanaşı, dünya bazarında ərzaq qiymətlərinin 10 faiz artması Azərbaycanda və təhlilə daxil edilən digər regional ölkələrdə inflyasiyanı təxminən 1,5–2 faiz bəndi yüksəldə bilər.
Beləliklə, neftin bahalaşması Azərbaycanın ixrac gəlirləri üçün müsbət imkanlar yaratsa da, qlobal ərzaq qiymətlərindəki artım ölkədə qiymət sabitliyi baxımından risk olaraq qalır.

