Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, cari ilin qış mövsümündə Avropa ölkələri enerji təchizatı ilə bağlı ciddi çətinliklərlə üzləşə bilər.
Avropalı sinoptiklərin proqnozlarına görə, noyabrın ikinci yarısından etibarən şimaldan gələn soyuq hava kütlələrinin təsiri ilə qitədə temperatur kəskin aşağı düşəcək.
Avropanın qaz ehtiyatları nə qədərdir?
Beynəlxalq Enerji Agentliyinin məlumatlarına əsasən, oktyabrın əvvəlində Avropa ölkələrinin qaz anbarlarının doluluq səviyyəsi 75 faiz təşkil edib.
Lakin Hörmüz boğazında qaz və neft daşıyan bir sıra tankerlərin raket zərbələrinə məruz qalması nəticəsində yanacaq daşımalarında fasilələr yaranıb. Bu vəziyyət anbarlardakı ehtiyatlardan istifadənin artmasına səbəb olub.
Ekspertlərin fikrincə, qazdan qənaətlə istifadə ediləcəyi təqdirdə, mövcud ehtiyatlar 2027-ci ilin mart ayınadək əhalinin tələbatını ödəyə bilər.
Avropada qazın qiyməti bahalaşır
Bu arada dünya bazarında təbii qazın qiymətində artım davam edir. Qiymətlər regional birjalardan və çatdırılma mərkəzlərindən asılı olaraq dəyişir.
ABŞ-nin “Henry” habında təbii qaz fyuçerslərinin qiyməti hazırda 1 milyon BTU üçün təxminən 2,90 dollar təşkil edir.
Avropa bazarında isə vəziyyət fərqlidir. Niderlandın TTF habında təbii qazın qiyməti 1000 kubmetr üçün təxminən 1100 dollar, yaxud meqavat-saat üçün 94 avro səviyyəsindədir.
Beləliklə, qarşıdan gələn qış mövsümündə temperaturun aşağı düşməsi və yanacaq təchizatında fasilələrin davam etməsi Avropanın enerji təminatı ilə bağlı narahatlıqları artırır.

