Doktorantura və dissertanturada təhsil alanlar üçün fəlsəfə doktoru imtahanına qeydiyyat elan edilib. İmtahanda iştirak etmək istəyənlər noyabrın 8-dək müraciət edə bilərlər.
Xəbər Yerində xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, qeydiyyat Azərbaycanın ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarında doktorantura və dissertanturada, eləcə də hərbi təhsil müəssisələrində adyunkturada təhsil alan və ya təhsilini başa vurmuş iddiaçılar üçün nəzərdə tutulub.
İddiaçılar xarici dil üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün DİM-in elektron xidmətlər portalında qeydiyyatdan keçməlidirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan dili üzrə imtahanda iştirak edə bilərlər.
İmtahanda iştirak ödənişlidir. Bunun üçün namizədlər əvvəlcə DİM-in şəxsi kabinetini yaratmalı, daha sonra kabinetin hesabına 110 manat əlavə etməlidirlər. Ərizə təsdiqləndikdə müvafiq məbləğ hesabdan silinir.
Əcnəbi və vətəndaşlığı olmayan şəxslər həm xarici dil, həm də Azərbaycan dili imtahanında iştirak etmək istədikdə hər imtahan üçün ayrıca 110 manat ödəməlidirlər.
Fəlsəfə doktoru imtahanları dissertasiya müdafiəsinə buraxılmaq üçün zəruri şərtlərdən biridir. İmtahanlar dinləyib-anlama, oxuyub-anlama, leksik-qrammatik tapşırıqlar, yazı və danışıq bölmələrindən ibarət olacaq.
İmtahan nəticələri dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır. Xarici dil imtahanında ən azı 30 bal, əcnəbilər üçün Azərbaycan dili imtahanında isə ən azı 25 bal toplayan namizədlərə müvafiq şəhadətnamə verilir.
DİM-in məlumatına görə, xarici dil üzrə fəlsəfə doktoru imtahanının 22 noyabrda, əcnəbilər üçün Azərbaycan dili imtahanının isə 23 noyabr 2026-cı ildə keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın noyabrın 26-da keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, imtahanlar kompüter vasitəsilə elektron formada təşkil olunacaq.

