Tramp Zelenskiyə qarşı çıxdı: “Ukrayna adından başqası danışmalıdır”

Tramp Zelenskiyə qarşı çıxdı: “Ukrayna adından başqası danışmalıdır”

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid edərək, Kiyevin adından danışıqları başqa bir şəxsin aparmalı olduğunu bildirib.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Tramp bu fikirləri Kanzasda keçiriləcək seçki mitinqinə yola düşməzdən əvvəl Ağ Evin həyətində jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

Tramp Zelenskinin müharibənin dayandırılmasında maraqlı olmadığını iddia edib və onun ABŞ administrasiyasına ünvanladığı tənqidlərə münasibət bildirib.

“Zelenski nə dediyini bilmir. O, bu müharibəni çoxdan həll etməli idi. Əgər vaxtında məni dinləsəydi, çoxdan daha əlverişli şərtlərlə razılaşma əldə olunardı və onun tərəfindən həyatını itirən bir milyon insan hələ də sağ qalardı”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp Ukraynanın müharibədə ağır insan itkiləri verdiyini vurğulayaraq, ölkənin kişi əhalisinin, demək olar ki, tükəndiyini iddia edib. O, Ukrayna adından danışıqlara rəhbərlik etmək üçün başqa bir şəxsin təyin olunmasının vaxtının çatdığını söyləyib.

ABŞ Prezidenti, həmçinin Vaşinqtonun Ukraynaya böyük həcmdə kəşfiyyat məlumatları və dəstək verdiyini, lakin bunun qarşılığında heç nə əldə etmədiyini iddia edib.

Tramp noyabr ayında Çinə planlaşdırılan səfəri zamanı Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə üçtərəfli görüş keçirməyə hazır olduğunu da bildirib.

Onun sözlərinə görə, belə bir görüşün əsas mövzularından biri Ukrayna müharibəsindən əlavə, qlobal nüvə tərksilahı ola bilər.

“Ukraynanın iştirak edib-etməməsindən asılı olmayaraq, mən bu müharibəni dayandırmaq üçün danışıqlar aparacağam. Əgər Pekində Putin və Si Cinpinlə nüvə silahsızlanması üzrə razılıq əldə edə bilsək, bu, dünya üçün çox böyük bir xidmət olar”, – deyə Tramp qeyd edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir