POS terminal tariflərinin azaldılması təklif olunur

POS terminal tariflərinin azaldılması təklif olunur

Xəbər Yerində İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Azərbaycanda POS terminallardan istifadə üzrə tariflərin aşağı salınması təklif edilir.

Bildirilib ki, hazırda ölkə üzrə POS terminalların sayı 184,4 minə çatıb. Onların 62,1 faizi Bakının payına düşür.

Qeyd olunub ki, ölkədə 883 min aktiv vergi ödəyicisi olsa da, POS terminalların sayı onların sayından təxminən 5 dəfə azdır.

Hazırda mikrosahibkarlar üçün dövriyyə üzrə 2 faizlik sadələşdirilmiş vergi dərəcəsi tətbiq edilir. Lakin POS terminallardan istifadəyə görə ümumi tariflərin bu vergi dərəcəsindən yüksək olduğu bildirilir.

Bu vəziyyətin nağdsız ödənişlərə üstünlük verən və fəaliyyətini şəffaf qurmağa çalışan mikrosahibkarlar üçün əlavə maliyyə yükü yaratdığı vurğulanıb. Belə ki, bəzi hallarda sahibkarlar vergidən daha çox POS terminal xidmətlərinə görə banklara ödəniş etməli olurlar.

Bildirilib ki, yüksək tariflər mikrosahibkarların nağdsız hesablaşmalara marağını azaldır və iqtisadiyyatın şəffaflaşmasına maneə yaradır.

Bu baxımdan, Mərkəzi Bank tərəfindən POS terminal tariflərinə yenidən baxılması və onların aşağı salınması məqsədəuyğun hesab edilir. Qeyd olunur ki, tariflərin azaldılması nağdsız ödənişlərin genişlənməsinə, eləcə də vergidən yayınma hallarının azalmasına töhfə verə bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir