Toylarda köhnə yeməklər verilir? Şadlıq sarayından şok cavab – VİDEO

Toylarda köhnə yeməklər verilir? Şadlıq sarayından şok cavab – VİDEO

Toy məclislərində qonaqlara təqdim olunan yeməklərin təzəliyi və keyfiyyəti ilə bağlı narazılıqlar gündəmdədir. Bəzi hallarda keyfiyyətsiz qidaların insan sağlamlığı üçün təhlükə yaratması bu məsələyə diqqəti daha da artırır.

Xəbər Yerində xəbər verir ki, APA TV-nin mövzu ilə bağlı hazırladığı reportajda şadlıq saraylarında yeməklərin hazırlanması və saxlanılması qaydaları, qida təhlükəsizliyinə nəzarət mexanizmləri və qanun pozuntularına görə nəzərdə tutulan cəzalar araşdırılıb.

Reportajda bəzi qonaqların şadlıq saraylarında köhnə və keyfiyyətini itirmiş yeməklərin təqdim olunmasından şikayətləndiyi qeyd edilib. Bəs toy süfrəsinə qoyulan yeməklər həqiqətən həmin gün hazırlanırmı? Qonaqların qida təhlükəsizliyinə kim zəmanət verir?

Şadlıq sarayından diqqətçəkən cavab

Jurnalistlər toy mərasiminə hazırlaşan müştəri qismində şadlıq saraylarının administratorları ilə əlaqə saxlayaraq yeməklərin təzəliyinə necə nəzarət edildiyini soruşublar.

Telefon danışığı zamanı administratorlardan biri yeməklərin keyfiyyətini yoxlamaq üçün toy günü kənar şəxsin mətbəxdə iştirak etməsinin nə dərəcədə faydalı olacağını sual altına alıb. O, belə bir şəxsin köhnə və təzə yeməyi necə ayırd edə biləcəyini soruşaraq bildirib ki, istənildiyi halda köhnə yemək təqdim etmək də mümkündür.

Bununla belə, digər suallara cavab olaraq şadlıq sarayının nümayəndəsi məclisdən sonra qalan yeməklərin toy sahibinə verildiyini, buna görə də həmin yeməklərin növbəti məclisdə təqdim edilməsinin mümkün olmadığını deyib.

Digər şadlıq sarayının nümayəndəsi isə yeməklərin sıfırdan hazırlanaraq həmin gün zala verildiyini bildirib. O, ət məhsullarının seçiminə də diqqət çəkərək kababların yerli heyvan ətindən hazırlandığını qeyd edib.

AQTA yoxlamalarda hansı nöqsanları aşkarlayıb?

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanlanıb.

Qurumdan bildirilib ki, şadlıq saraylarında aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar müəyyən edilib. Bunlara qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərilməsi, müvafiq baytarlıq və digər zəruri sənədləri olmayan heyvan mənşəli məhsulların qəbul edilməsi və istehlaka təqdim olunması daxildir.

Bundan başqa, bəzi obyektlərin mətbəxlərində sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi və gigiyena üzrə təlimlərə cəlb edilmədiyi aşkarlanıb.

AQTA qeyd edib ki, belə hallarla bağlı qanunvericiliyə uyğun olaraq icrası məcburi göstərişlər verilir.

Agentlik vurğulayır ki, qida məhsulları düzgün şəraitdə saxlanılmalı və daşınmalı, onların yararlılıq müddətinə, eləcə də bişirilmə temperaturuna nəzarət olunmalıdır. İstehlaka yararsız və sanitar-gigiyenik normalara uyğun olmayan məhsulların istifadəsinə yol verilmir.

Qurum vətəndaşları qida təhlükəsizliyi ilə bağlı hər hansı uyğunsuzluq aşkar etdikdə AQTA-nın 1003 Çağrı Mərkəzinə məlumat verməyə çağırıb.

Ekspert: Nəzarət hər an təmin edilə bilməz

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, mövcud nəzarət mexanizmləri şadlıq saraylarında təqdim olunan bütün yeməklərin keyfiyyətinə və təzəliyinə hər zaman zəmanət vermir.

Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyinin gecə-gündüz hər bir restoranın və şadlıq sarayının yanında dayanaraq qonaqlara təqdim olunan yeməkləri izləməsi mümkün deyil. Agentlik qanunvericiliyin imkan verdiyi çərçivədə yoxlamalar keçirir və müvafiq sənədlər verir. Bundan sonra obyektlərin gündəlik fəaliyyətinə nəzarətin bütün təfərrüatlarını daim izləmək çətinləşir.

Eyyub Hüseynov hesab edir ki, qida məhsullarına və yemək çeşidlərinə nəzarət məsələsində problemlər mövcuddur.

Köhnə və təhlükəli yemək təqdim edənləri hansı cəza gözləyir?

Hüquqşünas Ramil Süleymanov bildirib ki, şadlıq saraylarında keyfiyyətsiz və ya insan sağlamlığı üçün təhlükə yaradan qidaların təqdim olunması inzibati, mülki və müəyyən hallarda cinayət məsuliyyətinə səbəb ola bilər.

Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 220.9-cu maddəsinə əsasən, qida təhlükəsizliyi sahəsində qanunvericiliyin pozulması insan sağlamlığına zərər vurulması ilə nəticələnərsə, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək, vəzifəli şəxslər isə 1 500 manatdan 2 000 manatadək cərimələnə bilərlər.

Əgər təqdim olunan qida insanların zəhərlənməsinə səbəb olarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-cü maddəsi üzrə cinayət məsuliyyəti məsələsi yarana bilər. Hüquqi qiymətləndirmə hadisənin hallarından və vurulan zərərin xarakterindən asılıdır. İnsanların sağlamlığının uzun müddətə pozulması və ya zəhərlənmə nəticəsində ölüm kimi ağır nəticələrə görə daha ciddi cəzalar nəzərdə tutula bilər.

Hüquqşünas əlavə edib ki, təqsir hüquqi qaydada müəyyən edildikdə, zərər çəkmiş şəxslər dəymiş zərərin və çəkdikləri xərclərin kompensasiya olunmasını tələb edə bilərlər.

Toy məclislərində süfrənin zənginliyi ilə yanaşı, təqdim olunan yeməklərin təhlükəsizliyi də əsas şərtlərdən biridir. Mütəxəssislər istehlakçıların diqqətli olmasının və qida təhlükəsizliyi sahəsində nəzarət tədbirlərinin əhəmiyyətini vurğulayırlar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir