Britaniya Kralı Məhəmməd peyğəmbərin hədisini ərəb dilində səsləndirdi – VİDEO

Britaniya Kralı Məhəmməd peyğəmbərin hədisini ərəb dilində səsləndirdi – VİDEO

Böyük Britaniya kralı III Çarlz Oman Sultanı Heytəm bin Tariq əs-Səidin şərəfinə təşkil olunan rəsmi ziyafətdə Məhəmməd peyğəmbərin Oman xalqı haqqında hədisini ərəb dilində səsləndirib.

Xəbər Yerində xəbər verir ki, bu barədə Oxu.Az “Haber Global”a istinadən məlumat yayıb.

London yaxınlığındakı Vindzor qəsrində keçirilən təntənəli şam yeməyində kral Böyük Britaniya ilə Oman arasındakı tarixi əlaqələrdən, Hörmüz boğazının strateji əhəmiyyətindən və iqlim dəyişikliyinin yaratdığı təhlükələrdən danışıb.

III Çarlz Omanla münasibətlərin tarixindən danışdı

Kral iki ölkə arasındakı münasibətlərin 200 ildən artıq tarixə malik olduğunu vurğulayıb. O, hələ XVII əsrdə ingilis və omanlı dənizçilər arasında başlayan əməkdaşlığı xatırladaraq, Omanı müasir dövrdə də Böyük Britaniyanın regiondakı əsas tərəfdaşlarından biri kimi xarakterizə edib.

III Çarlz hər iki dövlətin müxtəlif sahələrdə sıx əməkdaşlıq və həmrəylik nümayiş etdirdiyini bildirib. O, Oman Sultanı Heytəm bin Tariq əs-Səidin liderlik xüsusiyyətlərini yüksək qiymətləndirərək ölkənin Yaxın Şərqdəki mühüm roluna diqqət çəkib.

Kral Hörmüz boğazının əhəmiyyətini vurğuladı

Çıxışında Hörmüz boğazının beynəlxalq ticarət üçün əhəmiyyətindən danışan III Çarlz Oman rəhbərliyinin regionda gərginliklər yaşandığı dövrlərdə göstərdiyi səyləri xüsusi qeyd edib.

“Münaqişələr regiona təsir etdiyi zaman Omanın dünyanın ən mühüm dəniz ticarəti marşrutunu — Hörmüz boğazını açıq saxlamaq məqsədilə nümayiş etdirdiyi müstəsna səylər, başda ən həssas təbəqələr olmaqla, bütövlükdə beynəlxalq ictimaiyyətə göstərilən dəyərli bir xidmət idi”, – deyə kral bildirib.

O, həmçinin Omanın Körfəz regionunda həyata keçirdiyi konstruktiv neytrallıq siyasətinin böyük hörmətə layiq olduğunu vurğulayıb.

III Çarlz Məhəmməd peyğəmbərin hədisini ərəb dilində söylədi

Ziyafət zamanı kralın çıxışının ən diqqətçəkən məqamlarından biri Məhəmməd peyğəmbərin Oman xalqı barədə hədisini ərəb dilində səsləndirməsi olub.

III Çarlzın söylədiyi hədisdə belə deyilir:

“Əgər sən Oman xalqının yanına getsəydin, onlar səni nə təhqir edər, nə də döyərdilər”.

Kral bu ifadəni Məhəmməd peyğəmbərin ərəb qəbilələrindən biri tərəfindən təhqir edilən elçisinə söylədiyi sözlər kimi təqdim edib.

İqlim dəyişikliyi və süni intellekt barədə xəbərdarlıq

III Çarlz çıxışında gələcək nəsillərin üzləşəcəyi qlobal çağırışlara da toxunub. O, iqlim dəyişikliyinin quru və dəniz ərazilərinə təsir göstərdiyini, süni intellektin isə həm böyük imkanlar, həm də ciddi risklər yaratdığını qeyd edib.

“İqlim dəyişikliyi vəliəhdlərimizə miras qalacaq quru və dəniz ərazilərini dəyişdirməyə çalışır. Süni intellekt uzaqgörənlik və ağıl olmadan həm ümid, həm də təhlükə vəd edir. Resurslara çıxış uğrunda gedən rəqabət isə beynəlxalq nizamı sınağa çəkir”, – deyə Britaniya kralı bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir