Azərbaycanda 2035-ci ilədək binalarda qazla isitmə sistemləri dəyişdiriləcək
Azərbaycanda 2035-ci ilədək yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçid təmin ediləcək.
Xəbər Yerində xəbər verir ki, bu hədəf “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb.
Sənədə əsasən, təbii qazla işləyən istilik avadanlıqlarının elektrikləşdirilməsi və mövcud yaşayış, eləcə də kommersiya binalarında elektrik istilik nasoslarından istifadəyə keçid nəzərdə tutulur.
Bununla yanaşı, bütün yeni binalarda elektrik istilik nasoslarının quraşdırılmasına dair qaydaların müəyyənləşdirilməsi planlaşdırılır.
Strategiyada istilik nasoslarının işlədilməsi üçün bərpa olunan elektrik enerjisindən istifadənin dəstəklənməsi, həmçinin şəhər və kənd yerlərində bu avadanlıqların quraşdırılmasının təşviqi də nəzərdə tutulub.
Görüləcək tədbirlərin əsas məqsədi binalarda enerji istehlakının daha ekoloji və aşağıkarbonlu sistemlərə yönəldilməsidir.

