Bakıda 25 il əvvəl baş vermiş qətlin üstü açılıb. Hadisə ilə bağlı əvvəllər də qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuş şəxs saxlanılıb.
Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, 2001-ci il iyunun 30-da paytaxtın Nəsimi rayonunda 1961-ci il təvəllüdlü Həqiqət Məmmədova qətlə yetirilib.
Cinayət işi üzrə istintaq yenilənib. Aparılan dindirmələr, müasir ekspertiza tədqiqatlarının nəticələrinin təhlili və digər istintaq tədbirləri nəticəsində hadisənin təfərrüatları müəyyənləşdirilib.
Toplanmış sübutlar əsasında 1976-cı il təvəllüdlü Rövşən Zeynalovun Həqiqət Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr yaranıb.
Rövşən Zeynalov 2026-cı il oktyabrın 20-də saxlanılaraq istintaqa təhvil verilib. Oktyabrın 22-də ona Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə, yəni təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi öldürmə ittihamı elan edilib.
Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

