Azərbaycanda tibb tarixində ilk: 19 həftəlik hamilə qadın əməliyyat edildi

Azərbaycanda tibb tarixində ilk: 19 həftəlik hamilə qadın əməliyyat edildi

Azərbaycanda tibb tarixində ilkə imza atılıb. 19 həftəlik hamilə qadının üzərində dünyada nadir hallarda tətbiq olunan laparoskopik əməliyyat uğurla həyata keçirilib.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, əməliyyat Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında icra olunub.

İlk hamiləliyini yaşayan 20 yaşlı qadının arterial təzyiqi dəfələrlə 170-180 mm civə sütununa qədər yüksəlib. Bu səbəbdən aparılan ultrasəs müayinəsi zamanı onun sağ böyrəküstü vəzisində 8 santimetr ölçüsündə törəmə aşkarlanıb.

Klinikada keçirilən instrumental və laborator müayinələr nəticəsində törəmənin feoxromositoma olduğu müəyyən edilib.

Ana və körpənin həyatı təhlükə altında olub

Feoxromositoma nadir rast gəlinən neyroendokrin törəmədir. Bu xəstəlik arterial təzyiqin qəfil və kəskin yüksəlməsinə səbəb ola bilər. Hamiləlik dövründə belə bir vəziyyətin yaranması həm ananın, həm də bətnindəki körpənin həyatı üçün ciddi təhlükə yaradır.

Pasiyentin vəziyyəti nəzərə alınaraq, ginekoloq, endokrinoloq, kardioloq və anestezioloqların iştirakı ilə geniş tibbi konsultasiyalar keçirilib, zəruri müayinələr və əməliyyatöncəsi hazırlıq tədbirləri həyata keçirilib.

Əməliyyat laparoskopik üsulla aparılıb

2026-cı il oktyabrın 19-da ATU-nun Tədris Cərrahiyyə Klinikasında sağ böyrəküstü vəzinin çıxarılması — sağtərəfli adrenalektomiya əməliyyatı laparoskopik üsulla uğurla icra olunub.

Əməliyyatı ATU-nun Urologiya kafedrasının müdiri, professor Rauf Nağıyev həyata keçirib.

Açıq cərrahi müdaxilədən fərqli olaraq, laparoskopik üsul kiçik kəsiklər vasitəsilə aparılan minimal invaziv cərrahiyyə metodudur. Hamiləlik dövründə ana və döl üçün ciddi risk yaradan belə bir xəstəliyin bu üsulla müalicəsi yüksək peşəkarlıq və diqqətli tibbi planlaşdırma tələb edir.

Pasiyent iki gün sonra evə buraxılıb

Əməliyyatın əsas üstünlüklərindən biri pasiyentin xəstəxanada cəmi iki gün qalması olub. Yüksək riskli cərrahi müdaxilədən sonra evə buraxılan qadın hazırda həkim nəzarətindədir.

Verilən məlumata görə, həm ananın, həm də dölün vəziyyəti yaxşıdır.

Azərbaycanda ilk dəfə həyata keçirilən bu əməliyyat hamiləlik dövründə nadir və yüksək riskli xəstəliklərin müalicəsində mühüm nailiyyət hesab olunur. Hadisə müasir cərrahi texnologiyaların və müxtəlif ixtisaslı həkimlərin birgə fəaliyyətinin əhəmiyyətini bir daha nümayiş etdirir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir