Türkiyənin İstanbul şəhərində zərgərlik mağazasında boyunbağının satışı ilə bağlı yaranan mübahisə silahlı insidentlə nəticələnib.
Xəbər Yerində xəbər verir ki, DHA-nın məlumatına görə, hadisə Esenyurt rayonunun Piri Reis məhəlləsində yerləşən zərgərlik mağazasında baş verib.
Məlumata əsasən, Dilşad D. adlı şəxs mağazaya boyunbağı almaq üçün daxil olub. Bu zaman başqa bir müştərinin qızıl satmağa çalışdığını görən şəxs ona müdaxilə edərək qızılı zərgərə deyil, özünə satmasını istəyib.
Bundan sonra onunla mağaza sahibi arasında mübahisə yaranıb. Gərginlik qısa müddətdə artaraq silahlı insidentə çevrilib.
Hadisə ilə bağlı şübhəli şəxs Çatalca rayonunda dron dəstəyi ilə keçirilən əməliyyat nəticəsində saxlanılıb və məhkəməyə göndərilib.
İnsidentlə bağlı araşdırma aparılır.

