Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi Şeyxa Əl Nuveysi qəbul edib.
Xəbər Yerində president.az-a istinadən xəbər verir ki, qonaq qəbul üçün dövlət başçısına minnətdarlığını bildirib.
Görüş zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Azərbaycanda turizmin inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışılıb. Paytaxtla yanaşı, ölkənin regionlarında da müasir turizm infrastrukturunun yaradıldığı vurğulanıb.
Bildirilib ki, bütün bunlarla yanaşı, Azərbaycanda hökm sürən əmin-amanlıq da turizmin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu qeyd edilib.
Görüşdə, həmçinin gələcək əməkdaşlıq perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.









