Quba rayonunda yaşayan Vətən müharibəsi iştirakçısı Mirsəlim Məmmədov dövlət dəstəyi ilə öz kiçik biznesini qurub. O, özünüməşğulluq proqramı çərçivəsində verilən avadanlıqlarla dərzi sexi açaraq sahibkarlıq fəaliyyətinə başlayıb.
Xəbər Yerində Azərtac-a istinadən xəbər verir ki, Qubada yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən dərzi sexi artıq iki ildir müştərilərə xidmət göstərir.
Mirsəlim Məmmədov işindən razı olduğunu, müştərilərinin sayının və əldə etdiyi gəlirin onu qane etdiyini bildirib.
Vətən müharibəsi iştirakçısının sözlərinə görə, dərzilik onun üçün yalnız gəlir mənbəyi deyil, həm də ailə ənənəsinin davamıdır. Belə ki, ailəsində və nəsillərində bir çox insan bu peşə ilə məşğul olub. Mirsəlim Məmmədov da həmin ənənəni davam etdirərək öz işini qurub.
Dövlət Məşğulluq Agentliyinin təqdim etdiyi avadanlıqlar onun sahibkarlıq fəaliyyətinə başlamasında mühüm rol oynayıb. Özünüməşğulluq proqramı çərçivəsində yaradılan imkanlar müharibə iştirakçısına peşə bacarıqlarından istifadə etmək, müstəqil gəlir əldə etmək və məşğulluğunu təmin etmək şəraiti yaradıb.
Qeyd edək ki, Mirsəlim Məmmədov Vətən müharibəsində könüllü iştirak edib. O, döyüşlərdə göstərdiyi xidmətlərə görə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu ilin sentyabrında açıqladığı məlumata əsasən, Vətən müharibəsindən sonrakı dövrdə Dövlət Məşğulluq Agentliyi şəhid ailələrinin üzvləri və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərib.
Onlardan 13 min 700 nəfəri özünüməşğulluq proqramına cəlb olunaraq mal və materiallar formasında aktivlərlə təmin edilib. Həmin şəxslər verilən aktivlər hesabına kiçik bizneslərini qurublar.
Digər şəxslər münasib işlərlə təmin edilib və əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb olunublar. Kursları bitirən şəxslərin məşğulluğunun təmin edilməsi istiqamətində də tədbirlər görülüb.

