Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib. Məktəbin VII sinif şagirdi pəncərədən yıxılaraq həyatını itirib.
Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 28-də qeydə alınıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məktəbin VII sinif şagirdi dördüncü mərtəbənin pəncərəsindən yıxılıb.
Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. Lakin şagird aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
BŞTİ-dən qeyd olunub ki, hadisə barədə şagirdin ailəsinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ müvafiq qurumların nəzarətinə götürülüb və araşdırmalara başlanılıb.
İdarə ictimaiyyəti araşdırmanın davam etdiyini nəzərə alaraq hadisəyə həssas yanaşmağa və yalnız rəsmi qurumların açıqlamalarına istinad etməyə çağırıb.
TƏBİB-dən verilən məlumata görə, oktyabrın 28-də saat 10:00 radələrində Bakı şəhəri, Yasamal rayonundan Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Briqada tərəfindən azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

