Xəbər Yerində Report-a istinadən xəbər verir ki, Azərbaycanın iki sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
57 kq çəki dərəcəsində mübarizə aparan İslam Bazarqanov 1/4 finalda yaponiyalı Yamato Oqavanı tam üstünlüklə (12:2) məğlub edib.
Cəbrayıl Hacıyev (79 kq) isə eyni mərhələdə türkiyəli Okan Tahtacını 9:3 hesabı ilə üstələyərək yarımfinala yüksəlib.
Digər təmsilçilərimizdən Ali Tsokayev (92 kq) 1/4 finalda amerikalı dünya çempionu Trent Hidleyə 1:5 hesabı ilə uduzub.
Turan Bayramov (74 kq) isə 1/8 finalda qazaxıstanlı Nurkoja Kaypanova 0:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, bu gün daha iki azərbaycanlı güləşçi medal uğrunda mübarizə aparacaq. Giorgi Meşvildişvili (125 kq) bürünc medal, Arseniy Djioyev (86 kq) isə qızıl medal uğrunda xalça üzərinə çıxacaq.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.

