Xəbər Yerində Unikal-a istinadən xəbər verir ki, noyabrın 6-sı səhər saatlarına olan məlumata əsasən, Azərbaycanın bir sıra dağlıq ərazilərinə qar yağıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, qar Gədəbəy, Kəlbəcər, Daşkəsən, Xızı, Şahdağ, Xınalıq, Qrız, Xaltan, Qusar, eləcə də Şahbuz rayonunun Biçənək və Kükü kəndlərində qeydə alınıb.
Qar örtüyünün hündürlüyü açıqlanıb
Qar örtüyünün hündürlüyü Xınalıq və Qrızda 15, Qusarda 8, Xaltanda 6, Şahdağda 2, Xızıda isə 1 santimetr təşkil edib.
Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub.
Ən çox yağıntı Astaraya düşüb
Bakıda və Abşeron yarımadasında qeydə alınan yağıntının miqdarı Bakıda 6, Maştağada 5, Binə, Ələt və Sumqayıtda isə 3 millimetr olub.
Regionlarda isə ən çox yağıntı Astarada qeydə alınıb – 39 millimetr. Digər ərazilərdə göstəricilər belədir:
- Şamaxı – 24 mm
- Quba – 19 mm
- Lənkəran, Ağdam, Beyləqan – 18 mm
- Zərdab, Altıağac – 17 mm
- Qobustan, Kürdəmir, Sarıbaş (Qax) – 16 mm
- Saatlı – 15 mm
- Sabirabad, Gədəbəy – 14 mm
- Göyçay – 13 mm
- Qəbələ, Tovuz – 12 mm
- İmişli, Tərtər – 11 mm
- Bərdə, İsmayıllı – 10 mm
- Göygöl – 9 mm
- Şabran, Sədərək, Gəncə, Şahbuz – 8 mm
- Ağstafa, Şəmkir, Naxçıvan – 7 mm
- Naftalan, Cəlilabad, Lerik, Yardımlı – 6 mm
Kişçay (Şəki), Biləsuvar, Şərur, Mingəçevir, Yevlax, Xaçmaz, Zaqatala, Daşkəsən, Balakən, Ordubad, Şirvan, Goranboy, Oğuz, Ağsu, Culfa, Neftçala və Cəbrayılda isə 1-5 millimetr yağıntı düşüb.
Küləyin sürəti 25 m/s-yə çatıb
Noyabrın 5-də bəzi ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Neftçala və Şahdağda 20, Mingəçevirdə 18, Şəmkirdə isə 16 m/s-dək güclənib.
Daşkəsən, Xınalıq, Şamaxı, Şahbuz, Altıağac, Qrız, Qusar, Göygöl, Göyçay, Sabirabad, İmişli və Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

