Türkiyənin Afyonkarahisar vilayətində 45 dəqiqə ərzində 8 nəfəri qətlə yetirən Arif Sefa Özdemirlə bağlı yeni təfərrüatlar üzə çıxıb. Məlum olub ki, şübhəli ilk üç nəfəri öldürdükdən sonra qaçmaq üçün avtomobilləri ələ keçirməyə başlayıb. O, Kıyır kəndində qarşısını kəsdiyi avtomobildə olan yaşlı cütlüyü qətlə yetirdikdən sonra onların meyitlərini maşından çıxararaq yol kənarında yan-yana düzüb.
Xəbər Yerində Türkiyə mətbuatına istinadən xəbər verir ki, İhsaniyə rayonunda baş verən silahlı hücumlar nəticəsində 8 nəfər ölüb, 2 nəfər yaralanıb. Üç kənddə, dörd fərqli nöqtədə ov tüfəngi ilə hücumlar təşkil edən Özdemirin cinayətlərdən sonra qaçmaq məqsədilə qarşısına çıxan sürücülərə hücum etdiyi və onların avtomobillərini ələ keçirdiyi müəyyənləşib.
İlk üç nəfəri borc mübahisəsinə görə öldürüb
İlk hücum saat 15:10-da Ayazini kəndinin kənd ərazisində baş verib. Biçerdöver alqı-satqısından yaranan borc mübahisəsi səbəbindən Numan Toprak, Bekir Toprak və Ahmet Uzel ilə görüşən Özdemir mübahisədən sonra hər üçünü başından güllələyərək öldürüb.
Jandarmaya verdiyi ifadədə cinayətləri əvvəlcədən planlaşdırdığını bildirən şübhəli deyib:
“ mübahisə etdik, bundan sonra bu şəxsləri öldürməyi qərara aldım”.
O, üç nəfəri tarla ilə tanış etmək bəhanəsi ilə kənd ərazisinə apardığını, avtomobilləri ilə qaçmalarına mane olaraq onlara atəş açdığını etiraf edib.
Yaşlı cütlüyü öldürüb, meyitlərini yan-yana düzüb
İlk hücumdan təxminən 20 dəqiqə sonra Kıyır kəndinə gələn Özdemir saat 15:30 radələrində hərəkətdə olan avtomobilin qarşısını kəsib. Maşında olan 73 yaşlı Seydi Ahmet Aydoğmuş və 68 yaşlı həyat yoldaşı Satı Aydoğmuşu yaxın məsafədən başlarından güllələyərək öldürüb.
Hadisənin ən dəhşətli təfərrüatlarından biri isə bundan sonra baş verib. Şübhəli öldürdüyü ər-arvadın meyitlərini avtomobildən çıxararaq yol kənarında yan-yana düzüb. Daha sonra cütlüyün avtomobilini ələ keçirərək ərazidən uzaqlaşıb.
Polisə zəng edəcəyini deyən şəxsi də öldürüb
Qəsb etdiyi avtomobillə qaçışını davam etdirən Özdemir təxminən bir kilometr irəlidə heyvan alqı-satqısı ilə məşğul olan İsmail Şenlə qarşılaşıb.
Şenin onun əlindəki tüfəngi görərək polisə zəng edəcəyini bildirməsindən sonra şübhəli atəş açaraq onu da öldürüb.
Özdemir ifadəsində qaçış zamanı avtomobilini dəyişmək məqsədilə hücumlarını davam etdirdiyini bildirib.
İki müəllimi öldürməzdən əvvəl geriyə sayıb
Saat 15:47-də Yukarıtandır kəndi yaxınlığına çatan şübhəli içərisində üç qadının olduğu avtomobili saxladıb. Qadınlardan biri maşından düşsə də, digər ikisi avtomobildə qalıb.
Jandarmaya verdiyi ifadədə şübhəli müəllimlərə avtomobildən düşmək üçün vaxt verdiyini bildirib:
“Əvvəl 10-dan geriyə, sonra isə 5-dən geriyə saydım. Onların düşmədiyini və telefonu yerə qoymadıqlarını görəndə hər ikisini ayrı-ayrılıqda nişan alaraq atəş açdım və öldürdüm”.
Hücum nəticəsində müəllim Hilal Mete hadisə yerində, Ayşe Sena Demir isə çatdırıldığı xəstəxanada həyatını itirib.
45 dəqiqədə 8 nəfəri öldürüb
Afyonkarahisarda üç kənddə və dörd fərqli nöqtədə hücumlar təşkil edən Özdemir təxminən 45 dəqiqə ərzində 8 nəfəri öldürüb.
Qaçış zamanı Afyonkarahisar şəhər mərkəzində uşaqlarını məktəbdən götürməyə gedən, üç uşaq anası Sevgi Postalcını da başından güllələyərək ağır yaralayıb. Qadının xəstəxanada müalicəsinin davam etdiyi bildirilir.
Cinayətlərdən sonra Eskişehirin Seyitgazi rayonuna qaçan Özdemir burada da başqa avtomobili ələ keçirərək izini itirməyə çalışıb. Jandarmanın keçirdiyi əməliyyat nəticəsində saxlanılan şübhəli bir neçə nəfəri qəsdən öldürmək ittihamı ilə həbs edilib.
Qətliamın səbəbi biçerdöver borcu olub
Arif Sefa Özdemirin ifadəsindən məlum olub ki, qanlı hadisələrin başlanmasına biçerdöver alqı-satqısı ilə bağlı mübahisə səbəb olub.
Şübhəlinin sözlərinə görə, o, Kırşehirli Numan Toprakdan 40 min avroya nisyə biçerdöver alıb və Manisa, İzmir ətrafında işləməyə başlayıb. Lakin texnika İzmirin bir tarlasında işləyərkən yanaraq yararsız vəziyyətə düşüb.
Bundan sonra tərəflər arasında qalan borcun məbləği ilə bağlı mübahisə yaranıb. Özdemir 4 min avro borcunun qaldığını iddia etdiyi halda, qarşı tərəfin ondan 11 min avro tələb etdiyini bildirib.
Mübahisələrin böyüməsindən sonra alacaqlılarla görüşən şübhəli onları kənd ərazisinə apararaq ov tüfəngi ilə qətlə yetirdiyini etiraf edib.
Kənd sakinləri yanan biçerdöver üçün 50 min lirə toplayıb
Qətliamdan sonra Özdemirin istifadə etdiyi biçerdöverin İzmirin Menderes rayonunun Tekeli Atatürk məhəlləsində olduğu müəyyənləşib.
Məhəllə muxtarı Osman Kavlagan bildirib ki, texnikanın yanmasından sonra şübhəliyə dəstək məqsədilə kənd sakinləri və sahibkarlar təxminən 50 min lirə pul toplayıblar. Təkər təmiri ustası, yağçı, ehtiyat hissələri satıcısı və yanacaq satıcılarının da yardıma qoşulduğu bildirilib.
Muxtarın sözlərinə görə, Özdemir sonradan ortaq şəkildə yeni biçerdöver aldıqlarını, lakin bu işdə də zərər etdiyini ona danışıb.
Qətliamdan əvvəl muxtardan halallıq istəyib
Osman Kavlaganın sözlərinə görə, Özdemir çərşənbə günü saat 18:42-də ona zəng edib və təxminən 9 dəqiqə danışıb.
Söhbət zamanı şübhəli muxtardan iki dəfə halallıq istəyib. Kavlagan əlavə edib ki, Özdemir biçerdöverin üzərindəki örtüyü təmir etmək üçün də ondan kömək istəyib, lakin o, bu təklifi qəbul etməyib.
Muxtar qətliam xəbərini mediadan öyrəndiyini və şübhəlinin adını eşidəndə böyük təəccüb yaşadığını bildirib.
“Kömək etdiyim üçün peşman oldum”
Biçerdöverin yandığı tarlanın sahibi Ahmet Gök hadisə zamanı həm texnikanın, həm də öz tarlasının və məhsulunun zərər gördüyünü söyləyib.
O, hadisədən sonra Özdemirdən şikayətçi olmadıqlarını və ona maddi dəstək göstərmək üçün kənddə pul topladıqlarını bildirib.
Qətliamda 8 nəfərin öldürüldüyünü öyrəndikdən sonra isə peşmanlığını gizlətməyib:
“Sonradan kömək etdiyim üçün peşman oldum”.

