Prezident İlham Əliyev noyabrın 7-də Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib.
Xəbər Yerində president.az-a istinadən xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramov və klinikanın baş direktoru Samir Babayev dövlət başçısına şöbədə yaradılan şərait barədə məlumat veriblər.
Bildirilib ki, təsdiq edilmiş memarlıq-planlaşdırma həllinə uyğun olaraq aparılan işlər çərçivəsində mövcud mühəndis-kommunikasiya sistemləri yenidən qurulub, şöbə müasir tələblərə uyğun təşkil edilib.
Təcili yardım şöbəsində hansı imkanlar yaradılıb?
Xəstələrin qəbulu, müayinəsi və müalicəsinin səmərəli təşkili üçün şöbədə müasir funksional zonalar yaradılıb.
Burada reanimasiya və uşaq pediatriyası sahələri, palata, dərmanların saxlanılması üçün otaqlar, eləcə də tibbi xidmətlərin və gündəlik fəaliyyətin təşkili üçün zəruri sahələr mövcuddur.
Şöbə müasir tibbi avadanlıqlar və mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilib. İlkin müayinəsi aparılan pasiyentlərin tibbi göstərişlərə uyğun olaraq digər tibb müəssisələrinə köçürülməsi üçün reanimasiya və intensiv terapiya imkanlarına malik təcili tibbi yardım avtomobilləri də nəzərdə tutulub.
Klinikada 5 əməliyyat zalı olacaq
Qeyd olunub ki, klinikada hazırda 70 stasionar çarpayı, o cümlədən 5 reanimasiya çarpayısı var.
Bundan əlavə, Təcili tibbi yardım şöbəsində 19 çarpayı və 5 əməliyyat zalı nəzərdə tutulub. Beləliklə, müəssisədə eyni vaxtda 70 stasionar və 19 təcili yardım pasiyentinə xidmət göstərmək mümkün olacaq.
250-yə yaxın əməkdaş çalışacaq
Tibb müəssisəsinin 2027-ci il üzrə inkişaf planına əsasən, burada ümumilikdə 230-250 əməkdaşın çalışması proqnozlaşdırılır.
Qarabağ Universitetinin Klinikasının əsas məqsədi yalnız əhaliyə tibbi xidmət göstərməklə məhdudlaşmır. Müəssisənin müasir tibb təhsilini, klinik təcrübəni və gələcəkdə elmi-tədqiqat fəaliyyətini birləşdirən ixtisaslaşmış tibb mərkəzi kimi inkişaf etdirilməsi nəzərdə tutulur.











