Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər.
Xəbər Yerində president.az-a istinadən xəbər verir ki, Zəngilan Şəhər Təhsil Kompleksinin tikintisinə Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı müvafiq Sərəncama əsasən başlanılıb. İlkin layihədə 960 şagird yerlik tam orta ümumtəhsil məktəbinin inşası nəzərdə tutulsa da, 2025-ci ildə konseptual dəyişiklik edilərək müəssisə peşəyönümlü təhsil kompleksi kimi yenidən layihələndirilib.
Kompleksdə hansı imkanlar yaradılıb?
Təhsil müəssisəsində məktəbəhazırlıq, biologiya, informatika və çağırışaqədərki hazırlıq otaqları, eləcə də “STEAM-STARTERS”, “STEAM-SCIENCE LAB” və “STEAM CHALLENG” otaqları yaradılıb.
Kompleksdə robot zonaları, laboratoriyalar, dərzi, santexnika çilingəri və elektrik montyoru emalatxanaları da fəaliyyət göstərəcək.
Bundan əlavə, müəllim və şagirdlərin istifadəsinə kitabxana, idman və akt zalları, yeməkxana veriləcək.
Ümumi ərazisi 1,6 hektar olan kompleksin həyətində abadlıq işləri aparılıb, açıq idman meydançası və qaçış zolağı salınıb.
Zəngilanda 160 yerlik uşaq bağçası da açıldı
Noyabrın 6-da Zəngilan şəhərində 160 yerlik körpələr evi-uşaq bağçasının da açılışı olub.
Müəssisə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində inşa edilib.
Bağçada uşaqların təlim-tərbiyəsi, asudə vaxtlarının təşkili və ilkin bacarıqlarının inkişafı üçün hərtərəfli şərait yaradılıb.
Burada oyun, yataq, kompüter və tibb otaqları, idman zalı, həmçinin musiqi, rəqs və akt zalları fəaliyyət göstərəcək. Müəssisənin həyətində də abadlıq işləri aparılıb, uşaqların açıq havada istirahəti üçün şərait yaradılıb.
Qeyd edək ki, Zəngilan Şəhər Təhsil Kompleksinin və körpələr evi-uşaq bağçasının istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası və Böyük Qayıdış prosesinin təmin edilməsi istiqamətində görülən işlərin davamıdır. Yeni müəssisələr doğma torpaqlarına qayıdan ailələrin övladlarının təhsil və məktəbəqədər təlim imkanlarını genişləndirəcək.










