Xəbər Yerində Oxu.Az-a istinadən xəbər verir ki, bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (ad və soyadlar şərtidir – red.) məhkəmə qarşısına çıxarılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə yeniyetmə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə mühakimə olunub.
Mübahisənin səbəbi sevdiyi qız olub
Məhkəmə araşdırması zamanı məlum olub ki, orta məktəb şagirdi olan Hətəm həmkəndlisi, 16 yaşlı Sultan Bünyadovla sevdiyi qıza görə mübahisə edib.
Hadisə gecə saat 00:20 radələrində baş verib. Yeniyetmə küçədə mübahisə etdiyi tanışını bıçaqlayıb. Qarın nahiyəsindən ağır xəsarət alan Sultan xəstəxanaya çatdırılıb və həkimlərin müdaxiləsi nəticəsində həyatı xilas edilib.
Cəzası şərti hesab edildi
Məhkəmənin hökmü ilə Hətəm Hətəmova 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Lakin onun cinayəti ilk dəfə törətməsi, yetkinlik yaşına çatmaması, xasiyyətnaməsi və digər hallar nəzərə alınaraq cəza 1 il sınaq müddəti tətbiq edilməklə şərti hesab olunub.

