Bakıda avtobusda qalmaqal: Sürücü sərnişinləri yolda qoydu

Bakıda avtobusda qalmaqal: Sürücü sərnişinləri yolda qoydu

Bakıda avtobus sürücüsünün hərəkəti sərnişinləri qəzəbləndirdi – “BakuBus” tədbir gördü

Bakıda 13 nömrəli marşrut avtobusunun sürücüsünün davranışı sərnişinlərin narazılığına səbəb olub.

“Xeberyerinde”nin Oxu.az-a istinadən verdiyi xəbərə görə, hadisə iyulun 9-da saat 16:31 radələrində Akademik Həsən Əliyev küçəsində, “Koroğlu” metrostansiyası istiqamətində baş verib.

Məlumata görə, dayanacaqda sərnişinlərdən biri ehtiyatsızlıqdan “Stop” düyməsini basıb. Bundan sonra sürücü avtobusu saxlayaraq qapıları bağlayıb, nəqliyyat vasitəsindən düşüb və yol kənarında siqaret çəkməyə başlayıb.

İddialara görə, avtobusda kondisioner sistemi olsa da, ondan istifadə edilməyib. Sürücü isə kondisionerin işləmədiyini bildirib. Şahidlərin sözlərinə əsasən, hadisə zamanı sürücü ilə sərnişinlər arasında mübahisə də yaşanıb.

Bir müddət sonra sərnişinlərin bir qismi avtobusu tərk edərək arxadan gələn digər marşrut avtobusuna miniblər.

Məsələ ilə bağlı “BakuBus” MMC bildirilib ki, hadisə araşdırılıb və sürücünün xidməti vəzifələrinin icrası zamanı pozuntuya yol verdiyi müəyyən olunub.

Şirkətdən qeyd edilib ki, sürücüdən izahat alınıb və Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

“BakuBus” yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyib. Şirkət gələcəkdə belə halların qarşısının alınması üçün sürücülərin fəaliyyətinə nəzarətin və daxili intizam mexanizmlərinin gücləndiriləcəyini bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir