Yarımfinal mərhələsində Fransa ilə qarşılaşan ispanlar rəqibini 2:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıblar.
Dallas şəhərində keçirilən qarşılaşmada hesab 22-ci dəqiqədə açılıb. Hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirən Mikel Oyarzabal İspaniyanı önə çıxarıb. Oyunun 58-ci dəqiqəsində isə Pedro Porro fərqi iki topa çatdıraraq matçın yekun nəticəsini müəyyənləşdirib.
Beləliklə, İspaniya Dünya Kuboku tarixində ikinci dəfə finala yüksəlib. Komanda iyulun 19-da Nyu-Yorkda keçiriləcək həlledici görüşdə Argentina–İngiltərə yarımfinal cütünün qalibi ilə qarşılaşacaq.
Fransa isə ardıcıl üçüncü Dünya Kuboku yarımfinalında mübarizə aparsa da, bu dəfə finala yüksələ bilməyib. Fransızlar 2018-ci ildə dünya çempionu olmuş, 2022-ci ildə isə finalda Argentinaya penaltilər seriyasında uduzmuşdu.
İspaniya bununla da Fransa üzərində ardıcıl üçüncü rəsmi qələbəsini qazanıb. Komanda son 37 oyunda da məğlub olmayaraq tarixində ən uzun məğlubiyyətsizlik seriyasını davam etdirib.
Fransa millisinin hücumçusu Kilian Mbappe turnirdəki məhsuldar çıxışına baxmayaraq, bu görüşdə fərqlənə bilməyib. İspaniyanın gənc ulduzu Lamin Yamal isə bir dəfə qol vursa da, epizod ofsayd səbəbindən qeydə alınmayıb.
Qeyd edək ki, Fransa millisinin baş məşqçisi Didye Deşam bu oyunla Dünya Kuboku tarixində ən çox oyuna çıxan baş məşqçi rekorduna sahib çıxıb. İspaniya ilə qarşılaşma onun turnirdə 26-cı oyunu olub və eyni zamanda Fransa millisinin baş məşqçisi kimi son matçı kimi tarixə düşüb.
Mənbə: TRTspor

