“Arzum 9999” ləqəbli tiktokerin hökmündən apellyasiya şikayəti verildi
Ölümlə nəticələnən yol qəzasında təqsirləndirilən tiktoker İlduzə Hacıyevanın barəsində çıxarılan məhkəmə hökmündən apellyasiya şikayəti təqdim olunub. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Elnur Nuriyevin icraatına verilib və məhkəmənin ilkin baxış iclası iyulun 22-nə təyin edilib.
Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin qərarı ilə İlduzə Hacıyeva nəqliyyat vasitəsi idarə etmək hüququndan 2 il 6 ay müddətinə məhrum edilməklə, 5 il 2 ay müddətinə azadlıqdan məhrum olunub. O, hökm elan edildikdən sonra məhkəmə zalında həbs edilib.
Hadisə ötən ilin iyun ayında Bakının Mərdəkan qəsəbəsində baş verib. İttihama əsasən, İlduzə Hacıyeva avtomobili ilə dönmə manevri edərkən arxadan hərəkətdə olan nəqliyyat vasitəsinin qarşısına çıxıb. Nəticədə həmin avtomobil idarəetməni itirərək qəzaya uğrayıb.
Qəza zamanı bir nəfər həyatını itirib, daha bir nəfər ağır xəsarət alıb.
İlduzə Hacıyevaya qarşı Cinayət Məcəlləsinin yol hərəkəti qaydalarının pozulması nəticəsində ölümə səbəb olma və yol-nəqliyyat hadisəsi yerini tərk etmə maddələri ilə ittiham irəli sürülüb.
Mənbə: APA

