Konqo Demokratik Respublikasında (KDR) Bundibuqyo virusunun səbəb olduğu Ebola epidemiyası davam edir. Xəstəlik Uqandada da qeydə alınsa da, burada vəziyyət nəzarət altına alınıb.
Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, iyulun 15-dək KDR-də 2 073 təsdiqlənmiş yoluxma halı və 796 ölüm qeydə alınıb. Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, hazırda 737 nəfər izolyasiya şəraitində müalicə alır.
Son sutka ərzində ölkədə daha 62 yeni yoluxma və 42 ölüm faktı təsdiqlənib. Yeni yoluxmaların 55-i İturi, 7-si isə Şimali Kivu əyalətində aşkarlanıb.
Ümumilikdə 377 nəfər sağalıb. Mütəxəssislər müəyyən edilmiş təmaslı şəxslərin 76,6 faizinin hələ də tibbi nəzarətdə saxlanıldığını bildirirlər.
Ən ağır epidemioloji vəziyyət İturi əyalətində müşahidə olunur. Burada 1 863 yoluxma və 668 ölüm qeydə alınıb. Şimali Kivuda 189 yoluxma və 111 ölüm, Cənubi Kivuda isə 3 yoluxma və 1 ölüm faktı təsdiqlənib. Bundan başqa, Yuxarı Uele və Tşopo əyalətlərində də yoluxmalar qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatının Afrika Regional Ofisinin məlumatına əsasən, araşdırılan ölümlərin 92,3 faizi xəstələrin tibb müəssisəsinə çatdırılmasından əvvəl və ya ev şəraitində baş verib. Bu isə yoluxmaların gec aşkarlandığını və xəstələrin vaxtında tibbi yardım ala bilmədiyini göstərir.
Uqandada isə iyulun 14-dək 20 təsdiqlənmiş yoluxma və 2 ölüm qeydə alınıb. Son yoluxma halı iyunun 21-də aşkarlanıb və o vaxtdan bəri yeni xəstə qeydə alınmayıb. İyulun 16-da son Ebola xəstəsinin də xəstəxanadan buraxılması ilə ölkədə epidemiyanın başa çatmasının elan edilməsi üçün nəzərdə tutulan 42 günlük müşahidə müddəti başlayıb.
Eyni zamanda, Konqodakı epidemiya ilə əlaqəli idxal olunmuş yoluxma halları ABŞ, Almaniya və Fransada da qeydə alınıb.
ECDC hazırkı vəziyyəti diqqətlə izlədiyini bildirərək vurğulayıb ki, Avropa İttifaqı və Avropa İqtisadi Zonasında yaşayan əhali üçün yoluxma riski hazırda çox aşağı qiymətləndirilir.

